Hatayın Antakya rayonunda baş verən zəlzələdə evləri dağılan Mehmet Nasif və Yasemin Öcal cütlüyü və 3 qızı 33 saat sonra dağıntılar altından yaralı olaraq xilas edilib.

"Unikal" Türkiyə KİV-ə istinadən xəbər verir ki, Öcal cütlüyü və 2 qızı Adana Şəhər Xəstəxanasında müalicə olunaraq evə buraxılsalar da, böyük qızları 19 yaşlı Sude Lal Öcaldan xəbər ala bilməyiblər.

Universitet tələbəsi qızının tapılmasını istəyən ana Öcal "Hatay Mustafa Kamal Universiteti Xəstəxanasından hara köçürüldüyünü bilmirik. Günlərdir Sudedən xəbər yoxdur", - deyə yerli KİV-ə danışıb. 

Dağıntılar altında qaldıqları müddətdə böyük qorxu yaşadıqlarını ifadə edən qadın, "Sude dağıntıların altında nəfəs ala bilmədiyini söylədi. Çaxnaşma da var idi. Ona görə də ilk olaraq onlardan Sudeni çıxarmalarını istədim, pis olduğunu təxmin etdim. Əvvəl Sude, sonra Nisə və Beren xilas edildi. Növbə mənə çatmışdı. Qolum dağıntılar arasında idi. Məni də çıxara bildilər. İlk gördüyüm səma idi. Dərhal övladlarımı soruşdum. Onları mənə göstərdilər. Təcili yardım maşınları ilə eyni xəstəxanaya aparıldıq”, - deyib. 

Mehmet Nasif isə açıqlamasında "Nisa və Beren qızlarımız ilə birlikdə Hatay Mustafa Kamal Universiteti Xəstəxanasından Adana Şəhər Xəstəxanasına köçürüldük.  Böyük qızımı soruşduqda onun da  eyni xəstəxanaya köçürüldüyünü bildirdilər.  Amma 25 gündür qızımızdan xəbər ala bilmirik.  Sudenin Universitet xəstəxanasından hara köçürüldüyünü və  necə olduğu barəsində məlumatımız yoxdur.  Qızımızın tezliklə tapılmasını istəyirik",-  deyə qeyd edib. 

Xatırladaq ki, Kahramanmaraşda zəlzələdə çökən binanın dağıntıları altından sağ çıxarılan 10 yaşlı Mukaddes Erva Aktaş da itkin düşüb. 

Gülayə Mecid