İranın müxtəlif şəhərlərində məktəblərdə təxminən 3 aydır müşahidə edilən kütləvi zəhərlənmə halları ilə bağlı araşdırmalar davam edir.

"Unikal" İran KİV-lərinə  istinadən xəbər verir ki, Ərdəbil Tibb Elmləri Universitetinin rektoru Əli Muhammediyan ötən gün əyalətdə 11 məktəbdə 400-dən çox tələbə qızın zəhərləndiyini bildirib.

Muhammediyan 302 şagirdin bir neçə saat ərzində ilk müalicəsindən sonra evə buraxıldığını, 100 şagirdin isə müşahidə altında saxlanıldığını bildirib.

Tələbələrin vəziyyətinin yaxşı olduğunu qeyd edən Muhammediyan, lazımi müdaxilə ilə yanaşı, müayinələrin də aparıldığını və ətraflı məlumatın daha sonra ictimaiyyətlə paylaşılacağını əlavə edib.