Yanvarın 18-də Ukraynada daxili işlər nazirinin də içində həlak olduğu helikopterin "qara qutu"su deşifrə edilib. 

"Unikal" xəbər verir ki, bu barədə Ukraynanın baş naziri Denis Şmıxal bildirib.

Baş nazirin sözlərinə görə, məlumatlar Fransada deşifrə edilərək Kiyevə ötürülüb: "İstintaq davam edir. "Qara qutu" tapılaraq müvafiq şifrənin açılması üçün Fransaya göndərilib. Artıq məlumatlar alınıb, istintaqda var", - o, araşdırmanın nəticələri ilə bağlı mətbuat konfransında bildirib. 

Qeyd edək ki, Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinə məxsus helikopter yanvarın 18-də Kiyev vilayətinin Brovarı şəhərində uşaq bağçasının yaxınlığında qəzaya uğrayıb. Helikopterdə olan 9 nəfərin - DİN rəhbəri Denis Monastırski, onun birinci müavini Yevgeni Yenin, idarənin dövlət katibi Yuri Lubkoviç və onların köməkçilərinin hamısı ölüb.

Ağarza Elçinoğlu