Körfəz Ərəb Dövlətləri üzrə Əməkdaşlıq Şurasının (KƏŞ) ölkələri cümə günü Suriyanın Ərəb Dövlətləri Liqasına (LAS) qaytarılması məsələsini müzakirə edəcəklər.

"Unikal" xəbər verir ki, Suriyanın Ərəb Liqasına qaytarılmasını müzakirə etmək üçün çərşənbə axşamı elan edilən toplantı cümə günü Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçiriləcək. İclasda Körfəz Əməkdaşlıq Şurası ölkələrinin, həmçinin Misir, İordaniya və İraqın xarici işlər nazirləri iştirak edəcək.

Qeyd olunur ki, Qətər Xarici İşlər Nazirliyinin nümayəndəsi bu görüşdə Qətər xarici işlər nazirinin də iştirak edəcəyini bildirib.

Bloomberg daha əvvəl mənbələrə istinadən xəbər vermişdi ki, Səudiyyə Ərəbistanı Suriyanın Ərəb Liqasına üzvlüyünü bərpa etməyə çalışır.

Suriyanın Ərəb Liqasına üzvlüyü 2011-ci ilin noyabrında ölkədə silahlı münaqişə başlayandan sonra dondurulub. Bir sıra ərəb ölkələri Dəməşqdəki səfirlərini geri çağırıb. Suriya rəhbərliyi daha sonra bəyan edib ki, ərəb nazirlərinin ümumərəb təşkilatının işində iştirakını dayandırmaq qərarını qeyri-qanuni hesab edərək qəbul etmir. Eyni zamanda, ərəb dünyasının əsas ölkəsindən söhbət getməsinə baxmayaraq, Ərəb Liqası Suriyanın nizamlanması üzrə danışıqlarda faktiki olaraq iştirak etməyib.