Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Məmləkət Partiyasının sədri Muharrem İncenin namizədliyini geri çəkməsinə münasibət bildirib.

"Unikal" xəbər verir ki, bu barədə o, Sincandakı çıxışı zamanı danışıb.

O qeyd edib ki, dünən hansısa videolarla partiya sədri kürsüsünə gətirilənlər, bu gün də eyni üsulla prezident olmağa çalışırlar.

"Görürsünüzmü, indi bir namizədi geri çəkilməyə məcbur etdilər. Görünür, FETÖ üsulları yenidən işə başlayıb”- Ərdoğan qeyd edib.

Qeyd edək ki, bu gün partiyasının qərargahından ictimaiyyətə müraciət edən İnce namizədlikdən çəkildiyini açıqlayıb. Bununla da Türkiyədə 14 mayda keçiriləcək prezident seçkilərində namizədlərin sayı 3-ə düşüb.