Avropa Şurasının (AŞ) Reykyavikdə keçirilən sammitində altı ölkə - Azərbaycan, Ermənistan, Bosniya və Herseqovina, Macarıstan, Serbiya və Türkiyə Ukraynaya dəyən zərərin reyestrinin yaradılmasına dair bəyannamə imzalamayıb.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna ədliyyə nazirinin müavini İrina Mudraya məlumat verib.

Ukrayna ədliyyə nazirinin müavininin qeyd etdiyi reyestrə dair bəyannaməni imzalayan dövlətlər arasında Gürcüstan, Latviya, Litva, Moldova və Estoniya da var: "Reykyavikdə Avropa Şurasının dövlət və hökumət başçılarının sammitində 43 ölkə və Avropa İttifaqı zərərlərin reyestrinə dair saziş imzaladılar. Azərbaycan, Ermənistan, Bosniya, Macarıstan, Serbiya, Türkiyə imza atmayıb".

Nazir müavini əlavə edib ki, daha üç ölkə reyestrə qoşulmağa hazır olduqlarını bildirib və bunun üçün lazım olan “daxili prosedurlardan” keçirilir, bunlar Andorra, Bolqarıstan, İsveçrədir.

Bundan əvvəl Hollandiyanın xarici işlər naziri Vopke Hoekstra məlumat verib ki, Avropa Şurası Reykyavikdə keçirilən iclasda hərbi əməliyyatlar nəticəsində Ukraynaya dəymiş zərərin reyestrinin yaradılmasını rəsmən təsdiqləyib. Onun sözlərinə görə, “reyestr Haaqada yerləşəcək”. O, Ukrayna ilə sıx əməkdaşlıqda yaradılıb və “zərərin ödənilməsi üçün ərizələri qəbul edəcək, emal edəcək və saxlayacaq”, - Hoekstra bildirib.

Artıq 43 ölkə, o cümlədən Hollandiya və Ukrayna da mexanizmə qoşulub. Onun 2024-cü ildə tam istifadəyə verilməsi gözlənilir.