Gürcüstan tərəfi ilə aparılan müzakirələrdə Gürcüstandakı Azərbaycandilli məktəblərin və Azərbaycandakı gürcüdilli məktəblərin dərsliklərinin inkişaf etdirilməsi və uyğunlaşdırılması istiqamətində əməkdaşlığın vacibliyi vurğulanıb. 

"Unikal" xəbər verir ki, bunu Tbilisidə elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

Nazirin sözlərinə görə, danışıqlar zamanı dərsliklərin məzmunu və uyğunlaşdırılması məsələsində əməkdaşlığın genişləndirilməsi və daha da inkişaf etdirilməsi barədə razılaşma əldə edilib.

O qeyd edib ki, Qazax Müəllimlər Seminariyası Gürcüstanda fəaliyyət göstərən Azərbaycandilli məktəblərin təhsilverənləri üçün yaxşı imkanlar açır.

"ADA universiteti tərəfindən Qazax Müəllimlər Seminariyasının bərpasından sonra orada yaradılmış şəraitlə bağlı həmkarlarımıza məlumat verdik", - Emin Əmrullayev deyib.