ABŞ administrasiyası Rusiya və Belarusun sənaye sektorlarına qarşı ixraca nəzarət rejimini və sanksiyaları sərtləşdirir.

“Unikal” xəbər verir ki, bu barədə ABŞ Ticarət Nazirliyinin yaydığı məlumatda deyilir.

Qeyd olunur ki, söhbət Rusiya və Belarusa qarşı ixrac nəzarəti rejimi çərçivəsində mövcud sanksiyaların sərtləşdirilməsindən gedir. Sənəddə deyilir ki, ABŞ hökuməti, həmçinin Rusiya və Belarusun sənaye sektoruna qarşı sanksiyaların miqyasını genişləndirir.

“Bu qayda 1 224 sənaye məhsulunu əlavə edir, müvafiq olaraq, bu məhsulların Rusiya və ya Belarusa ixracı və ya təkrar ixracı və ya Rusiya və ya Belarus daxilində onların təhvil verilməsi üçün indi lisenziya tələb olunacaq. Bu 1 224 sənaye məhsuluna qoyulan məhdudiyyətlər Rusiya və Belarus sənaye bazalarını daha da sarsıtmaq və onların Rusiyanın Ukraynaya hərbi təcavüzünü dəstəkləməyə davam etmək imkanlarını azaltmaq məqsədi daşıyır”, - sənəddə deyilir.

ABŞ hökuməti, həmçinin Rusiya və Belarus sənayelərinə qarşı sanksiyaların əhatə dairəsini genişləndirir.

ABŞ-dan Rusiya və Belarusa ixracı qadağan edilən malların siyahısı, həmçinin xalça, kosmetika, ətriyyat, o cümlədən əntiq əşyalar, spirt və saatları əhatə etməklə genişləndirilib.

ABŞ, həmçinin bəzi telefonların, diktofonların, mikrofonların və məişət texnikasının Rusiyaya ixracına qadağa qoyub. Müvafiq siyahı ABŞ Ticarət Departamenti tərəfindən dərc olunub.