Ermənistanın paytaxtı İrəvan şəhərində keçirilən sorğuda iştirak edən ermənilərin əksəriyyəti Türkiyədə keçirilən prezident seçkilərinin ikinci turunda “Millət İttifaqı”nın prezidentliyə namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlunu dəstəkləyiblər.

“Unikal” “Haber Global”a istinadən xəbər verir ki, İrəvanda yaşayan yaşlı bir nəfər “Kamalı dəstəkləyirəm. O, Ermənistandan keçməsi planlaşdırılan yol layihəsinin İrandan keçməsinə üstünlük verir və bu, Ermənistan üçün yaxşı haldır”-deyə, bildirib.

Sorğuda iştirak edən gənclərdən biri aşağıdakı ifadələrdən istifadə edib: “Ərdoğanın hakimiyyətdə olduğu illərdə Türkiyənin Ermənistanla münasibətləri pis idi, bəlkə də başqa prezidentin dövründə bu, dəyişəcək”.

Bir çox erməni Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın əleyhinə danışıb: “Mən Ərdoğanı yox, Kamalı dəstəkləyirəm. Kamal daha çox qərbyönlüdür, onun dəyərləri o qədər də Turançı deyil. Tək Ərdoğan olmasa belə, nə olursa olsun. İstərdim ki, ikinci raundda uduzsun. Bildiyimə görə, Ermənistan xalqı Ərdoğana qarşıdır”.

Sorğuda iştirak edən Ermənistan vətəndaşlarından bəziləri ikinci turun nəticələri barədə daha obyektiv danışıblar. Bir qadın qeyd edib ki, bu, Türkiyənin məsələsidir və 28 mayda ediləcək istənilən seçim Ermənistan üçün normal olacaq.

O, həmçinin Türkiyə prezidentinin yaxınlaşma və mehriban qonşuluq münasibətlərinə yol açacağına ümid etdiyini bildirib.