ABŞ administrasiyası ən mübahisəli məsələlərin həlli ilə bağlı Ermənistan və Azərbaycan rəhbərliyinə öz təkliflərini təqdim edib.

"Unikal" xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin birinci müavini Derek Hoqan bildirib. 

O, rəsmi sülh prosesinin irəlilədiyini vurğulayıb: "Mayın əvvəlində dövlət katibi hər iki ölkənin xarici işlər nazirlərini qəbul edib, bəzi mübahisəli məsələlər, o cümlədən sərhəddən qoşunların çıxarılması, razılaşmağa çalışdığımız müqavilədəki mübahisələrin həlli mexanizmi, və Dağlıq Qarabağdakı etnik ermənilərin hüquqları və təhlükəsizliyi müzakirə olunub".

Hoqanın sözlərinə görə, Vaşinqtonda aparılan danışıqlardan sonra Avropa İttifaqının prezidenti Şarl Mişel Ermənistan və Azərbaycan liderlərini qəbul edib. O, həmçinin qeyd edib ki, tərəflər yaxın vaxtlarda Almaniya kansleri, Fransa prezidenti və Avropa İttifaqının prezidenti ilə görüşərək son nöqtəyə çatmaq üçün nə etmək lazım olduğunu müzakirə edəcəklər.

Ağarza Elçinoğlu