Almaniyada ilk dəfə Milli Təhlükəsizlik Strategiyası qəbul edilib.

"Unikal" xəbər verir ki, sənəd 76 səhifədən ibarətdir.

Strategiyada bildirilir ki, Almaniyanın təhlükəsizlik siyasətinin əsas vəzifəsi ölkənin sülh və azadlıq şəraitində yaşamağa davam etməsini təmin etməkdir.

"Bunun üçün biz NATO və Avropa İttifaqına sarsılmaz sadiqik və Bundesveri gücləndiririk ki, o, ölkəni və ittifaqı qorumaq olan əsas missiyasını yerinə yetirə bilsin", - sənəddə qeyd olunur.

Sənəddə həmçinin Avropa İttifaqının genişlənməsindən və bu kontekstdə Ukrayna, Moldova və Gürcüstanın üzvlüyündən bəhs edilir.

“Məqsədimiz sülhsevər, azad və vahid Avropadır. Biz Aİ-nin gələcək nəsillər üçün öz təhlükəsizliyini və suverenliyini təmin edən geosiyasi oyunçu olmasını istəyirik. Almaniya federal hökuməti Qərbi Balkan dövlətləri, Ukrayna, Moldova və gələcəkdə Gürcüstanın qəbulu yolu ilə Avropa İttifaqının inteqrasiyasını, birliyini və genişlənməsini dəstəkləyir”, - sənəddə deyilir.

Strategiyada o da vurğulanır ki, Aİ-nin genişlənməsinə hazırlaşmaq üçün təşkilat daxilində islahatlar aparmaq lazımdır.