ABŞ dövlət katibi Entoni Blinken Çinə gözlənilən səfəri zamanı həmkarları ilə digər məsələlərlə yanaşı, Ukraynadakı münaqişənin sülh yolu ilə həlli perspektivlərini də müzakirə etmək niyyətindədir.

"Unikal" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib.

“Əgər Çin Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə hörmət edən sülhə nail olmaqda ciddidirsə, əlbəttə ki, bu, vacib və faydalı olardı. Əminəm ki, bu (dövlət katibinin) səfəri zamanı qarşıdakı müzakirələrin mövzusu olacaq”, - Miller bildirib.

O əlavə edib ki, Blinken Çinin bir sıra sahələrdə, o cümlədən Tayvan boğazındakı vəziyyət, xüsusi əməliyyat kontekstində Pekin və Moskva arasında ikitərəfli münasibətlərin inkişafı, eləcə də Çinin iddia edilən rolu ilə bağlı Vaşinqtonun narahatlığını ifadə etmək niyyətindədir. 

Daha əvvəl bildirilmişdi ki, Blinken iyunun 18-də Çinə səfər etməyi planlaşdırır , çünki ABŞ prezidenti Co Baydenin administrasiyası Pekinlə pisləşən münasibətləri yaxşılaşdırmağa çalışır.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin bildirib ki, ÇXR Kubadakı bazadan ABŞ-a casusluq etmir  və ABŞ dövlət katibi Entoni Blinkenin Pekinə mümkün səfəri barədə məlumat verə bilməz.