ABŞ kəşfiyyat rəsmiləri Rusiyanın “Vaqner” təhlükəsizlik şirkətinin yaradıcısı Yevgeni Priqojinin silahlı aksiyaya hazırlaşdığını iyunun ortalarında öyrəndiklərini iddia ediblər.

"Unikal" xəbər verir ki, “The Washington Post”un yazdığına görə, adlarının açıqlanmasını istəməyən ABŞ kəşfiyyat rəsmiləri, iyunun ortalarında Priqojinin Rusiya Müdafiə Nazirliyinə qarşı silahlı əməliyyat planlaşdırdığına dair kəşfiyyat məlumatı topladıqlarını və Ağ Evə və əlaqədar qurumlara “təcili” kodu ilə məlumat ötürdü.

Priqojinin üsyanına hazırlıqsız yaxalanmadıqlarını qeyd edən bir kəşfiyyat rəsmisi, "ABŞ rəhbərliyinə bir şeyin planlaşdırıldığını bildirmək üçün kifayət qədər əlamətlər var idi, ona görə də Ağ Evin buna hazır olduğunu düşünürəm" deyib. O , Rusiya prezidenti Vladimir Putinin hakimiyyətdə qalıb-qalmayacağı ilə bağlı “yüksək narahatlığı” və hər hansı qeyri-sabitliyin Rusiyanın nüvə arsenalına nəzarətdə problem yarada biləcəyini qeyd edərək, “Bu istiqamətdə çoxlu suallar var idi” deyə bildirib.

Mümkün “Rusiya vətəndaş müharibəsi”ndən yarana biləcək qeyri-sabitliyin “əsas qorxu” olduğunu qeyd edən rəsmilər Ağ Evin, eləcə də Pentaqon, Dövlət Departamenti və Konqresdəki yüksək vəzifəli şəxslərin son iki həftədəkəşfiyyat məlumatları ilə bağlı məlumatlandırıldığını bildiriblər.

Rəsmilər Priqojinin üsyanının ən mühüm səbəblərindən birinin iyunun 10-da Rusiya Müdafiə Nazirliyinin bütün döyüşən könüllü qrupların hökumətlə müqavilə imzalaması barədə göstərişi olduğunu qiymətləndiriblər. Rusiya Müdafiə Nazirliyinin təlimatında Vaqner qrupunun adının çəkilmədiyini vurğulayan rəsmilər, nazirliyin məqsədinin “Rusiyanın Ukraynadakı hərbi əməliyyatları üçün zəruri olan Priqojinin muzdlularını ələ keçirmək olduğunu bildiriblər. 

ABŞ kəşfiyyat rəsmiləri, Putinə "Priqojinin nəsə planlaşdırdığı" barədə məlumat verildiyinə inandıqlarını söylədi və rəsmilərdən biri "Putinə qiyam barədə nə vaxt məlumat verildiyi bəlli olmasa da, bu, mütləq 24 saatdan çox əvvəl olub" deyə qeyd edib.

Putinin Priqojinin hərbi komandanlığı ələ keçirmək üçün Moskvaya yürüşünü əngəlləmək üçün niyə hərəkətə keçmədiyinin aydın olmadığını vurğulayan səlahiyyətlilər, "onlar Putinin hərəkətsizliyinin Rusiya hökumətində yüksək səviyyədə koordinasiya çatışmazlığını və daxili rəqabəti əks etdirdiyini düşünürlər".

“Vaqner” özəl mühafizə şirkətinin yaradıcısı Yevgeni Priqojin Rusiya ordusunu "Vaqner"ə hücum təşkil etməkdə ittiham edib və cavab verməklə hədələyib. "Vaqner" döyüşçüləri Ukraynanı tərk edərək sərhəddəki Rostov vilayətinə daxil olublar.

Bu vəziyyətlə əlaqədar Federal Təhlükəsizlik Xidməti (FSB) “silahlı iğtişaş” maddəsi ilə cinayət işi açıb.

Rusiya prezidenti Vladimir Putin Vaqnerin üsyanını “vətənə xəyanət” adlandırıb. Priqojin Moskvaya gedəcəklərini açıqlayıb və Kreml rəhbərliyi ölkənin bir çox yerində təhlükəsizlik tədbirlərini artırıb.

Bildirilib ki, Yevgeni Priqojin Belarus prezidenti Aleksandr Lukaşenkonun Rusiyada gərginliyin azaldılması təklifini qəbul edib.

Kremlin sözçüsü Dmitriy Peskov Priqojina qarşı cinayət işinin bağlanacağını bildirib və “Priqojin Belarusa gedəcək” deyib.