Ermənistanda polis idarələrində vəkillərə qarşı qeydə alınan zorakılıq hallarına görə etiraz aksiyasına başlanılıb.

"Unikal" TASS-a istinadən xəbər verir ki, bu, Ermənistan Vəkillər Palatasının rəhbəri Simon Babayanın bəyanatında öz əksini tapıb.

Qeyd edilib ki, son zamanlar vəkillərə qarşı zorakılıq halları və onlara lazımi hüquqi qiymət verilməməsi bu institutun fəaliyyətini təhlükə altına atır.

Buna görə də vəkillər öz etirazlarının müvafiq instansiyalara çatdırılması üçün bir günlük etiraz aksiyası keçirirlər.

"Vəkil kimi peşə fəaliyyətinin həyata keçirilməsində mövcud maneələrin qarşısının alınması, vəkillərin pozulmuş hüquqlarının səmərəli müdafiəsinin təmin edilməsi məqsədilə Ermənistanın dövlət orqanlarında (o cümlədən məhkəmələrdə, ibtidai istintaq orqanlarında) müdafiə və təmsilçilikdən imtina edərək iyunun 26-da bir günlük etiraz aksiyası keçirəcəyik”, - bəyanatda vurğulanıb.

Qeyd edək ki, polis idarəsində sonuncu zorakılıq hadisəsi iyunun 10-da vəkil Karen Alaverdyana qarşı qeydə alınıb. Onun sözlərinə görə, müvəkkilinin işgəncəyə məruz qalmasının qarşısını almağa cəhd etdikdən sonra polis əməkdaşları tərəfindən qandallanıb və döyülüb.