Rusiya Kiyevə kasetli mərmilərin verilməsinə cavab olaraq “Ukraynanı kaset bombaları ilə vuracağı” ilə hədələyib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə naziri Sergey Şoyqu açıqlama verib.

Şoyqu bildirib ki, Rusiya silahlı qüvvələri əvvəllər kasetli sursatlardan istifadə etməkdən çəkinib, lakin ABŞ Ukraynaya belə mərmilər göndərərsə, ordu onlardan istifadə etməyə başlayacaq.

“Nə biz, nə amerikalılar, nə də Kiyev kaset sursatlarına dair konvensiyaya qoşulmamışıq. Eyni zamanda, Rusiya bu cür sursatların mülki əhali üçün yaratdığı təhlükəni anlayaraq, onlardan xüsusi əməliyyatda istifadə etməkdən çəkindi”, - Rusiya hərbi idarəsinin rəhbəri bildirib.

Onun sözlərinə görə, Rusiya kasetli sursatlarla silahlanıb, “bütün hallarda bu, Amerikanınkından qat-qat effektivdir, onların əhatə dairəsi daha geniş və müxtəlifdir”.

Ukrayna silahlı qüvvələri dəfələrlə Rusiya qoşunlarını kaset sursatları ilə zərbələr endirməkdə ittiham edib. Kiyevin sözlərinə görə, belə mərmilər, o cümlədən şəhərlərə də düşüb. Müstəqil beynəlxalq təşkilatlar və jurnalistlər də Rusiya ordusunun kassetli sursatlardan istifadə etdiyini təsdiqləyib.

2022-ci ilin iyun ayında Amnesty İnternational insan haqları təşkilatı Rusiya ordusunun yüzlərlə mülki şəxsin ölümünə səbəb olan Xarkovu atəşə tutarkən kaset bombalarından istifadə etdiyini iddia edən bir araşdırma yayımlayıb. 

 Gülayə Mecid