Türkiyənin Elağız vilayətində 14 yaşlı məktəbli yaylaqda keçi otarmaqla Liseyə Keçid Sistemi (LGS) üzrə imtahandan yüksək bal toplayıb.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, ailəsi Elağız vilayətinin Arıcak mahalında heyvandarlıqla məşğul olan Muhammet Halil Yazar həm keçiləri otarıb, həm də imtahana hazırlaşıb. Ailəsinə kömək edən məktəbli keçiləri otararkən fürsəti fövtə verməyib və məqsədinə nail olub.

"Yaylaq həyatı çox çətindir, amma ailəm bu işi sevir. Çünki bizim dolanışığımız keçi və inəklərdən çıxır. LGS imtahanından 494 bal aldım. Yalnız bir sualı düzgün cavablandıra bilmədim. Dərs oxuduğum dönəmdə televizora baxmadım, telefonum onsuz da yoxdur. Şadam ki, hədəfimə çatdım", - deyə 14 yaşlı məktəbli bildirib.

Qeyd edək ki, LGS Türkiyədə Milli Təhsil Nazirliyi tərəfindən 2017-2018-ci tədris ilindən tətbiq olunur və liseylərə qəbul imtahanıdır.