Əlcəzairin şimalında və şərqində tüğyan edən meşə yanğınları nəticəsində ölənlərin sayı 34 nəfərə çatıb.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, Əlcəzair Daxili İşlər Nazirliyinin məlumatına görə, həlak olanların 10-u hərbçidir.

Xilasedicilər ölkənin üç vilayətində 1,5 min insanı təxliyə ediblər. Yanğınla mübarizəyə 7,5 min yanğınsöndürən və xüsusi texnika, o cümlədən aviasiya cəlb olunub.

Miqyaslı meşə yanğınlarının isti və quru hava şəraitindən qaynaqlandığı bildirilir. Bazar ertəsi günü Əlcəzairin bəzi bölgələrində havanın temperaturu 48 dərəcəyə qədər yüksəlib.