Görüşün yerindən asılı olmayaraq, danışıqlar aparan tərəflər dəyişmir, yəni danışıqlar həm Moskvada, həm Vaşinqtonda, həm Brüsseldə, həm də Ermənistanda və Azərbaycanda aparılır.

"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan iyulun 25-də keçirdiyi mətbuat konfransında deyib. 

Həmçinin,  Rusiya-Türkiyə münasibətlərindəki gərginlikdən danışan Paşinyan qeyd edib ki, heç bir münasibətdə gərginlik müsbət əks oluna bilməz.

“Baxmayaraq ki, digər tərəfdən, gərginliyi də çox qiymətləndirmək olmaz, çünki biz görürük ki, Rusiya və Türkiyə müəyyən fikir ayrılıqlarına baxmayaraq, fəal əməkdaşlıq edirlər. Bütün ölkələrin münasibətlərində ziddiyyətlər var, problem onların qarşıdurma məntiqində nə qədər böyüməsindədir.

Bütövlükdə, konseptual və strateji baxımdan dövlətimizin bütün mövcudluğu boyu biz bütün aspektlərdə - istər təhlükəsizlik baxımından, istər inkişaf baxımından, istərsə də beynəlxalq təsir baxımından ən böyük problemimiz olan qarşıdurma məntiqi çərçivəsində olmuşuq və hərəkət etmişik. Bu məntiqə görə, biz uzunmüddətli inkişafımızı və təhlükəsizliyimizi təmin edə bilmədik və edə bilməyəcəyik”, - Paşinyan bildirib.

Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Moskvada bugünkü görüşündən gözləntilərə gəlincə, Paşinyan deyib ki, bu, ayrıca görüş deyil və o, “Ermənistanın xarici işlər nazirindən və digər tərəfdaşlardan mümkün sülh müqaviləsinin daha bir neçə maddəsini razılaşdıra biləcəyini” gözləyir.