Mənzillərin bahalaşmasında məmurların gizli izi
Mənzillərin bahalaşmasında məmurların gizli izi

Bəzi vəzifəlilər nəğd pullarını sürətlə daşınmaz əmlaka çevirir

Bir neçə gün əvvəl mətbuatda yayılan bir məlumatı bütün KİV-lər oxucularına adi xəbər kimi çatdırdılar. İlk baxışdan əslində həmin məlumatın doğrudan da, heç bir ilginc, xüsusi diqqətçəkən bir tərəfi yox idi. Amma dünən mənzil bazarı ilə yaxından maraqlanan və proseslərin içərisində olan bir mənbənin dedikləri bizi yenidən həmin xəbərin üzərinə qayıtmağa və onu başqa bir bucaq altından oxuculara çatdırmağa sövq etdi.

Əvvəlcə gəlin həmin xəbəri xatırlayaq. Xəbərdə bildirilirdi ki, son vaxtlar Azərbaycanda daşınmaz əmlak sürətlə bahalaşır. Məlumatda göstərildiyinə görə, son bir ildə Bakı şəhərinin təkrar mənzil bazarında (köhnə mənzillər) qiymətlər 13% yüksəlib. "MBA Group"un məlumatlarına əsasən, ayrı-ayrı rayonlarda qiymət artımı daha sürətli olub - 3 rayonda illik bahalaşma 15%-dən artıq - Qaradağda 28,5%, Nəsimidə 16%, Xəzərdə 15% olub. Paytaxtın bəzi rayonlarında orta qiymət indiyədək görünməmiş həddə çatıb. Məsələn, Səbail rayonunda 1 kv. metrin orta qiyməti 2 200 ABŞ dolları, Nəsimidə 1 765 dolları, Nərimanovda isə 1 625 dolları keçib.
Düzdür, bəzi ekspertlər bahalaşma ilə bağlı elə də təəccüblü səbəblər göstərmirlər, sadəcə, bunu deməklə kifayətlənirlər ki, əsas səbəblər ölkədə pul kütləsinin artımı və xarici amillərdir. Onların sözlərinə görə, əmlakın bahalaşmasının səbəblərindən biri qiymət artımının dövri proses olması ilə bağlıdır: Belə ki, son 30 ilin təcrübəsi göstərir ki, hər 8-12 il ərzində qiymətlər artır, sonrakı 3-5 il ərzində isə aşağı düşür. Hazırda qiymətlərin artımı dövrüdür.
Əmlakın bahalaşmasının ikinci və əsas səbəblərindən biri ölkədə pul kütləsinin artımı olaraq göstərilir. Bildirilir ki, insanların əlində artıq pul var. Onlar bu pulu bazara yatırmağa üstünlük verir və yaranmış təzyiq qiymətləri artırır. Digər tərəfdən investorlar sərbəst vəsaitlərini daşınmaz əmlaka yatırmağa başlayıblar.
Əmlakın bahalaşmasının daha bir səbəbi ipoteka kreditləşməsi proqramı ilə izah edilir. Bildirilir ki, ipoteka kreditləri bazarda sabitləşməyə gətirib çıxarıb ki, sonradan bu sabitləşmə əmlak qiymətlərinin artımı ilə əvəz olunub. Son vaxtlar ucuz mənzillərin sayının azalması da qiymət artımını şərtləndirib. Çünki ipoteka kreditləri əsasən ucuz mənzillərə yönəlib. Ucuz mənzillərin də portfeli son vaxtlar tükənməyə meyllidir. Bazarda belə mənzillərin sayı azaldıqca onların sahibləri qiymətləri artırmağa və öz şərtlərini diktə etməyə başlayıblar. Son nəticədə ucuz mənzillərin qiyməti artmağa başlayıb ki, bu da digər seqmentlərdə də qiymətləri ardınca yuxarı çəkir.
Həmçinin, Azərbaycanda əmlakın bahalaşması xarici amillərlə də əlaqələndirilir. Bildirilir ki, hazırda təkcə Azərbaycanda deyil, MDB və yaxın region ölkələrində də qiymətlər artır. Bu da psixoloji amil kimi Azərbaycan bazarına da təsir edir..
Bizim mənbəmiz isə tam fərqli qənaətdədir. Əvvəla, ipoteka kreditləşməsinin səviyyəsi Azərbaycanda çox aşağıdır və bunun mənzil bazarında sürətli, yüksək bahalaşmaya gətirib çıxarması ehtimalı çox zəifdir. Pul kütləsinin artımına gəlincə, ölkədə əhalinin çox az bir hissəsinin əlində iri məbləğlər cəmləşib. Əksəriyyət yoxsulluq həddində yaşayır və onlar daha çox çörək dərdindədirlər, nəinki daşınmaz əmlak.
Bəs elə isə mənbəmizin versiyası nədir? Qaynağımız hesab edir ki, son bir ildə ölkə daxilində cərəyan edən ictimai-siyasi proseslər, dünyadakı demokratikləşmə dalğası Azərbaycan məmurlarının mühüm hissəsində müəyyən narahatlıqlar yaradıb. Məmur ordusunun önəmli bir hissəsi dəyişikliklərin baş verməsindən əndişəlidirlər, bu zaman nəğd pul ehtiyatlarının ifşa ediləcəyi və əllərindən alınacağı yönündə həyəcan keçirirlər.
Eyni zamanda əksər vəzifəli şəxslər korrupsiya il mübarizə, kadr islahatları və s. kimi proseslərin qurbanına çevriləcəklərindən narahat olaraq əllərindəki nəğd pul kütləsinin başlarına bəla açmaması üçün onu yaxınlarının, inandıqları şəxslərin adlarına evlərin, torpaq sahələrinin və s. alınmasına yönəldirlər. Bu da mənzil bazarına ciddi canlanma gətirib, nəticədə mənzillərin qiymətində bahalaşma müşahidə edilməyə başlanılıb.
Daşınmaz əmlakla müqayisədə nəğd pulları itirməyin daha real olduğuna diqqət çəkən mənbəmiz məmurların vəsaitlərini mənzillər, torpaq sahələri və obyektlər almağa xərcləməsini təbii sayır. Doğrudur, qaynaq əmlak bazarında yarana biləcək qəfil və uzunmüddətli süstlük, ucuzlaşma şəraitində onların çox şey itirə biləcəyini də istisna etmir. "Ancaq bu, əlbəttə ki, əldəki nəğd pulu bir dəfəlik itirməkdən qat-qat yaxşıdır" deyə həmsöhbətimiz fikirlərini yekunlaşdırıb.

Azər Aslan