Vahid Ələkbərovla Mübariz Mənsimovu nə birləşdirir?
Vahid Ələkbərovla Mübariz Mənsimovu nə birləşdirir?

İki milyarder arasında biznes körpüsü qurulub

Rusiyada yaşayan Azərbaycanlı milyarder Vahid Ələkbərova məxsus “LUKoyl” şirkətinin sifarişi ilə başqa bir azərbaycanlı zəngin iş adamı Mübariz Mənsimova aid “Palmali” şirkəti tərəfindən hazırlanmış barj dünən istismara verilib. 2011-ci ildə şirkət “LUKoyl” QSC NŞ-nin Xəzərin şimalındakı V.Filanovski adına dəniz karbohidrogen yatağının obyektlərinin işlənilməsi üçün yük keçid kranına malik nəqliyyat-quraşdırma barjının (NQB) layihəsinin hazırlanması və inşası üzrə tenderdə iştirak edib.

Tenderin nəticələrinə görə, NQB-nin ən yaxşı layihəsini, inşa müddətini və icarə haqqını təqdim etmiş “Palmali” şirkəti qalib gəlib.
22 dekabr 2011-ci ildə “LUKoyl” QSC NŞ ilə NQB-nin uzunmüddətli icarə müqaviləsi imzalanmış və “Palmali” şirkəti həmin gəminin inşasına başlayıb.
Barj ən qısa müddətdə hazırlanıb və böyük ölçülü qurğuların nəqli, qazma kompleksinin inşası üçün müxtəlif texnoloji avadanlıqların yerləşdirilməsi və daşınması üzrə işlərin yerinə yetirilməsi məqsədilə sifarişçiyə çatdırılacaq.
Qeyd edək ki, bu, Vahid Ələkbərovla Mübariz Mənsimovun arasındakı işbirliyinə aid ilk məlumatdır. İndiyədək onların hər hansı biznes əlaqəsinin olduğu məlum deyildi.
Vahid Ələkbərov Rusiyada yaradılan və Azərbaycan hökumətinə qarşı olduğu bildirilən “Milyarderlər İttifaqı”nda təmsil olunmağa başladıqdan sonra onunla rəsmi Bakı arasında soyuqluq yaranıb. Hətta dünən bəzi KİV-lər “LUKoyl”un Azərbaycandakı yanacaqdoldurma məntəqələrinin bağlanacağı yönündə xəbərlər yayılıb.
Mübariz Mənsimovun da hökumətdə bəzi iri məmurlarla münasibətlərinin yaxşı olmadığı sirr deyil. Onun Azərbaycanda öz biznesini oturuşdurmaq istəməməsinin əsas səbəbi də bu göstərilir. Hətta Mənsimov keçənlərdə rüşvətin olmadığı ölkələrə investisiya qoymağa üstünlük verdiyini söyləmiş və bizim mətbuatda bu, onun Azərbaycana iri sərmayə yatırmamasına üstüörtülü mesaj kimi qiymətləndirmişdi.
İndi hökumətdə bəzi çevrələrlə problemləri olan iki azərbaycanlı zəngin iş adamının əməkdaşlığa başlaması həm də bu cəhətdən maraq doğurur.
Ülviyyə Qasımlı