Azərbaycandan olan şirkət Rusiyanın Jeleznovodsk xüsusi iqtisadi zonasında üç sanatoriyanın tikintisinə 9 milyard rubl (100 milyon dollar) sərmayə qoymağı planlaşdırır.

"Unikal" TASS-a istinadən bildirir ki, bunu Jeleznovodsk xüsusi iqtisadi zonasının rəhbəri Yevgeni Bakulin bildirib.

“İnvestorlar yenidən Jeleznovodsk xüsusi iqtisadi zonasına maraq göstəriblər. Azərbaycanlı investor ümumi sahəsi 9 hektar olan üç torpaq sahəsi üçün müqavilə bağlayıb. İnvestisiyaların həcmi təxminən 9 milyard təşkil edəcək”, - deyə Bakulin bildirib.
Onun sözlərinə görə, həmin ərazidə 600 otaq və 1200 çarpayılıq üç sanatoriyanın tikintisi nəzərdə tutulub.
Qeyd edək ki, Bakulin investorun kimliyini açıqlamayıb.

Məlumat üçün bildirək ki, daha əvvəl də Jeleznovodsk xüsusi iqtisadi zonasında Azərbaycan sərmayəsi ilə sanatoriyalar inşa olunub.
2018-ci ildə Jeleznovodsk xüsusi iqtisadi zonasının yerləşdiyi Stavropol diyarının rəhbəri Vladimir Vladimirov mətbuata verdiyi açıqlamada bildirib ki, Azərbaycandan olan sərmayəçilər üç sanatoriya tikirlər.

Vladimir Vladimirov deyib ki, Azərbaycandan olan investorlar 2016-cı ildə Essentukidə 1,5 milyard rubldan çox vəsait hesabına 400 çarpayılıq “İstochnik” sanatoriyasını tikiblər. Stavropol diyarının rəhbəri hələ 2018-ci ildə bildirib ki, Jeleznovodskda (400 yerlik) və Kislovodskda iki (500 və 600 yerlik) sanatoriyanın tikintisi davam edir.

Onu da qeyd edək ki, 2017-ci ildə keçirilən Rusiya-Azərbaycan regionlararası forumu çərçivəsində Kislovodsk şəhərində “Rusel” sanatoriyasının tikintisi ilə bağlı müqavilə imzalanıb. Bu sanatoriyanı Gəncə şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyev və Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyevin qardaşı Şahmar Vəliyevin Rusiyanın Yesentuki şəhərində təsis etdiyi “Rusel” şirkəti inşa edib.