Bakıda yük avtomobili ilə Dövlət Gömrük Akademiyasının əməkdaşını və tələbəsini vuraraq öldürməkdə təqsirləndirilən Firdovsi Eyvazova hökm oxunub.

"Unikal" report-a istinadən xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Hökmə əsasən, F.Eyvazov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2022-ci ilin sentyabrında paytaxtın Zabrat-Maştağa yolunda baş verib.

Belə ki, Firdovsi Eyvazov idarə etdiyi "KamAZ" markalı yük avtomobillə hərəkətdə olan zaman yolu keçmək istəyən 2000-ci il təvəllüdlü Sevgi Rəsulova və Bakı sakini, 2004-cü il təvəllüdlü Elvin Əzizlini vurub. Onlar aldıqları xəsarətlər nəticəsində hadisə yerində keçiniblər.

Xatırladaq ki, S.Rəsulova Dövlət Gömrük Akademiyasının işçisi, Elvin Əzizli isə həmin təhsil müəssisəsinin II kurs tələbəsi olub.