Bütün fikrimizi sabahkı matça yönəltmişik.

"Unikal" xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının 1/8 final mərhələsində Almaniyanın “Bayer” klubuna qarşı keçirəcəkləri oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu mərhələyə kimi gəlib çıxmaq Ağdam təmsilçisi üçün böyük təcrübədir: "Çox güc sərf etdik. Çətin günlərdən keçdik, əsas oyunçularımız zədələndi. Lakin nəhayət, komandamızı formalaşdıra bildik. Futbolçularıma güvənim sonsuzdur. Çünki verdiyim tapşırıqlara əməl edirlər. Təbii ki, bu da məşqçiyə əlavə motivasiya verir".

"Çalışacağıq ki, oyunun taleyini 90 dəqiqədə həll edək və əlavə vaxta ehtiyac qalmasın. Oyun sayı çoxdur, futbolçuların istirahət etməyə demək olar ki, vaxtı qalmır. Matçın 120 dəqiqə olması oyunçularımızın əleyhinə olacaq. Belə iddialı komandaya qarşı 90 dəqiqə ən yaxşı şəkildə mübarizə aparmalıyıq", - deyə çalışdırıcı əlavə edib.

Qeyd edək ki, komandalar arasında Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan ilk matç 2:2 hesabı ilə yekunlaşıb. Cavab görüşü martın 14-də Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.