Məşhur futbolçu Lionel Messinin də formasını geyindiyi "İnter Mayami" CONCACAF Çempionlar Kubokunda 1/8 finalın cavab oyununa çıxıb.

"Unikal" xəbər verir ki, komanda "Neşvil"lə bu dəfə "Çeyz" stadionunda qarşılaşıb. Görüş Mayami təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Bu komandalar arasında ilk oyun 2:2 hesablı heç-heçə ilə yekunlaşmışdı.

Cavab matçında "İnter Mayami"dən 8-ci dəqiqədə Luis Suares, 23-cü dəqiqədə Lionel Messi, 63-cü dəqiqədə isə Robert Teylor fərqlənib. 

"Neşvil"in yeganə qolunu 90+3-cü dəqiqədə Sem Surric vurub.

“İnter Mayami” 1/4 finalda "Monterrey" - "Cincinnati" cütünün qalibi ilə qarşılaşacaq (ilk görüş “Monterrey”in səfərdə 1:0 hesablı qələbəsi ilə başa çatıb).