İndi də mini Şuşa və mini Qarabağ?
İndi də mini Şuşa və mini Qarabağ?

Milli Məclisin insan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova gənclərin Qarabağ problemini unutmaması üçün mini Şuşa, Qarabağ yaratmağı təklif edib. Milli Məclisin bugünkü iclasında çıxış edən R.Aslanova deyib ki, 1933-cü ildə Almaniyada hakimiyyətə gələnlər şən musiqilərin səslənməsinə qadağa qoyub, marşlara üstünlük verirdi: "Faşistlərin törətdiyi faciələr təqdir oluna bilməz.

Ancaq gənclərin vətənpərvərlik ruhunda böyüməsi üçün biz də müəyyən addımlar atmalıyıq. Bu gün Azərbaycanda vəziyyət necədir? Gənclər hansı musiqilərə qulaq asır, mətbuatımızda nələr yazılır? Yaxşı olar ki, gənclər təşkilatlarının fəaliyyətini bu istiqamətə yönəldək. Bir mini Şuşa, Qarabağ yaradaq. Gənclər işğal olunmuş rayonları təsəvvür etsinlər. Şuşa, Xankəndi bir əfsanədir. Uşaqlar onları görmürlər".
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağının "Unikal"a söylədiyinə görə, "Mini Qarabağ yaratmaq qədər gülünc təkliflər irəli sürməkdənsə Dağlıq Qarabağı necə azad etmək barədə düşünmək lazımdır. Bu qədər komik təklifə tarixdə rast gəlinməyib. Hərdən adama elə gəlir ki, qorxulu barıt çəlləyi kimi yanaşılan Qarabağ probelminin cəmiyyət tərəfindən şüurlu şəkildə unudulmasına cəhd edirlər. Bu qorxulu tendensiya mətbuatda da hiss olunur. Eyni unutqanlıq aparıcı ictimai, siyasi təşkilatlarda da müşahidə edilir. Hesab edirəm ki, bu hal müvəqqətidir. Bunula belə, bu sualı həmin qurumların özündən soruşmaq lazımdır. Telekanalların da heç biri Dağlıq Qarabağla bağlı veriliş hazırlamır. ANS-də analitik yönlü veriliş var, bu verilişdə də gündəlik məişət məsələlərindən o tərəfə getmirlər. İctimai televiziyada iki həftədən bir Qarabağla bağlı veriliş gedərdi, indi o da yoxdur. O biri telekanallarda da eyni vəziyyətdir. Hiss olunur ki, qəzetlər də Qarabağla bağlı informasiyalara bir qədər soyuq yanaşır. Qeyd edim ki, mən belə bir situasiya ilə 1998-ci ildə də rastlaşmışam. O zaman QAT-ın fəaliyyətini yenidən bərpa edirdik. Bu prosesin gedişində dəhşətli bir faktla üz-üzə gəldim. Hamı Dağlıq Qarabağ probleminin qabardılmasına biganə yanaşırdı. Deyirdilər ki, oxucular Qarabağla bağlı informasiyaları oxumurlar. O dövrdən sonra biz aksiyalara başladıq. Düşünürəm ki, Qarabağ məsələsinin yenidən gündəmə gəlməsində bu aksiyaların kifayət qədər rolu oldu. Biz 2001-ci ildən Qarabağ mitinqləri keçirməyə başladıq. Bəzən elə olurdu ki, gündə beş yerdə aksiya təşkil edirdik. Tədricən gündəm Qarabağa döndü. İndi də eyni durumdur və düşünürəm ki, bu proses prezident seçkilərinə hazırlıqla bağlıdır. Amma seçkilərdən sonra da bu laqeydlik qalsa, yəqin ki, müəyyən addımlar atmalı olacağıq".
Müstəqil analitik Hüseynbala Səlimovun sözlərinə görə, "Əgər dünya hüquqa və haqqa bağlılığını qorusaydı, azərbaycanlılar isə daxili çəkişmələrə aludə olub, rayonları bir-birinin ardınca tərk etməsəydi və bilsəydi ki, itirilmiş rayonları geri qaytarmaq onları itirməkdən yüz dəfə çətin olacaq, bu, problem onda olmaya bilərdi. Eləcə də, heç olmasa, bircə dəfə BMT də özünün qəbul etdiyi qətnamələrin icrası ilə ciddi şəkildə maraqlansaydı, onda bəlkə bu problem olmazdı. Amma nə yazıq ki, tarix onunla şərtlərlə danışmağı sevmir. Bu xüsusda indi deyə biləcəyimiz hər bir şey, olsa-olsa, utopiya janrında yazılmış bir yazını xatırlada bilər. Ona görə də reallığa qayıdaq, bəli, olmaya bilərdi, amma oldu. Nə edək? İndi lazımdır ki, bu problemdən qurtuluş, çıxış yolunu arayaq".
Səlimov hesab edir ki, "Hazırda Qarabağ faktiki olaraq Ermənistanın ərazisi kimi yaşayır - qarabağlı ermənilər Ermənistanda seçkilərdə iştirak edir, maliyyəni ordan alır, ordusunu onun hesabına yaşadır. Vədlər 20 ildir ki, verilir. Əgər indi Minsk Qrupunun yaranmasının 21-ci ilini qeyd ediriksə, YAP-ın da hakimiyyətdə olmasının 20 ili tamam olub. Düzdür, dünyanın başqa münaqişələri ilə müqayisədə Qarabağ problemi bəlkə də cavan görünür, amma bu gedişlə onun ahıl və qocalıq çağını da yaşamaq lazım gələcək. Bir vaxt problemə tətbiqən heç olmasa "son proseslər", "son görüşlər" kimi ifadələr eşidirdik. Amma artıq bu ifadələri də işlətməyin yeri deyil, çünki nə son görünür, nə də ki, bir hadisə baş verir. D. Medvedevin təşəbbüsündən sonra Rusiyanın bu biçimdə fəaliyyətinə son verildi. Hansı səbəbdən baş verdiyini demək çətin olsa da, V. Putin D. Medvedevə müvəqqəti olaraq verdiyi hakimiyyəti geri aldı, amma onun Qarabağ təşəbbüsünə yiyə durmadı. Bir daha deyirik ki, səbəbi məlum deyil. Hətta Rusiyanın təşəbbüsü davam etsəydi belə bunun problem üçün hər hansı təkan olacağını güman etmək sadəlövhlük olardı. 21 ildir hamı bu təkanı gözləyir. Amma mənasızdır. Rəsmi Bakı hələ də özünü elə göstərir ki, sanki Qarabağ problemində Rusiyanın heç bir iştirakı yoxdur, o, tam neytraldır. Rusiya da belə görünmək istəyir. Amma inanan varmı? Başqa böyük dövlətlər Rusiyanın keçmiş SSRİ ərazisindəki münaqişələrin çözülməsində iştirakını ona görə istəmirlər ki, Rusiya bu ərazidə şəksiz nüfuza malikdir, ona görə istəyirlər ki, Rusiyanın bu münaqişələrin yaranmasında fəal iştirakı olub və var. Dərinə gedəndə, Rusiya da bunun fərqində deyil. Sanki o demək istəyir ki, necə istəyirsiniz elə də başa düşün, amma mən burada varam…"

Natiq Oruclu