Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə Cinayət Məcəlləsinin 178.4 (xüsusi külli miqdarda dələduzluq etmə) maddəsi ilə təqsirləndirilən Alik Həsənov və Nadir Əliyevin məhkəmə prosesi keçirilib. 

"Unikal" xəbər verir ki, prosesdə zərəcəkən Elxan Quliyev təqsirləndirilənlər ilə aralarında vasitəçi olmadan olan şəxsin tutulmasını hakimdən xahiş edib:

"Teymur Tağıyev bilə-bilə ki, bu stadion bizdən qabaq bir neçə adama satılıb. Bizə satmağa da vasitəçilik edib. Pulumuzun 60 min manatı maklerlik edən Teymurdadır, amma əlaqə saxlasaq da pulumuzu qaytarmır. Biz istəyirik Teymur həbs olunsun".

Zərərçəkən Elçin Rüstəmovun vəkili Aslan İsmayılov hakimdən xahiş edib ki, prosesdə hüquqlarının müdafiə etdiyi  zərərçəkənlə müttəhim kimi davranmasınlar. 

Sonra zərərçəkən Elçin Rüstəmov ifadə verib: "Nadir Əliyevlə söhbətimiz olmuşdu ki, 2008-ci ildə qiymət danışdıq Gəncədə Spartak stadionunun satılması ilə bağlı. Mənim qaynım "Xəmsə" peşəkar futbol klubu yaratdı. Nadir müəllim dedi ki, biz stadionu ancaq futbol klublarına sata bilərik. Məndə Gəncə stadionunu qeyri-rəsmi yolla 400 min manata almağa razılaşdım. Aslan İsmayılov da həmin danışıqda yanımda idi. 2 dəfəyə qaynım pulu verdi. İlkin ödənişi verdikdən sonra dövlət yolu ilə rəsmi sənədləşmə prosesi getdi.  

Təqsirləndirilən Nadir Əliyev: "Bu şəxs yanıma stadionun satılması ilə bağlı Aslan İsmayılova birgə gəlib. Sənədlərə baxdı, dedi düzdü, almaq olar".

Zərərçəkən Elçin Rüstəmov: "Aslan müəllim mənim qohumlarımın dostudur. O stadionu 10 minə satası deyildi ki, Nadir müəllim. 

Nadir Əliyevin vəkili: "400 min manatın mənbəyi barədə məlumat verə bilərsiz?".

Zərərçəkən Elçin Rüstəmov: "Mən neçə illərdir ticarətlə məşğulam. Mənim qaynım Kənan Cəfərovun rəsmi olaraq 300 minə obyektini satmışdıq. Pulun bir hissəsi mənə, bir hissəsi isə qaynım Kənan Cəfərova məxsus olub. Uşaq futbol klubu yaratdıq, inkişaf elətdirdik. Stadiona yatırım qoyduq. Sonra həmin stadionu biz şirkətə girova qoyduq, onunda deyim ki, stadion əvvəldən Xəmsə MMC-nin adına sənədləşmişdi. Gəncə stadionunun üstünə 1 milyon manat sərmayə qoymuşuq, özümü ziyan çəkmiş sayıram". 

Prosesin bu yerində Aslan İsmayılovla təqsirləndirilən Nadir Əliyev arasında mübahisə yarandı. Aslan İsmayılov: "Sən hələ türmədə  öləcəksən. Mən özümüdə, Səttar Mehbalıyevidə yaxşı tanıyıram. Odu bu oyunları başında duran. 

Xatırladaq ki, təqsirləndirilən Nadir Əiyev bədən tərbiyə ustasıdır, tərəqqi medalı ilə təltif olunub. Alik İbadulla oğlu Həsənov isə Yasamal Ticarət Mərkəzinin rəhbəridir. Proses aprel ayının 8-nə kimi təxirə salınıb. 

Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan istintaqla Nadir Əliyevin Alik Həsənovla qabaqcadan əlbir olaraq Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 69D ünvanında 1,26 hektar torpaq sahəsində yerləşən sözügedən stadion ərazisini guya həmin yerdə hündürmərtəbəli binanın inşa edilməsi məqsədi ilə 5 milyon 500 min manata sata biləcəklərini ayrı-ayrı sahibkarlara bildirmələrinə, həmin məsələnin həlli üçün əvvəlcə beh verilməsi, habelə Konfederasiyanın rəhbər vəzifəli şəxslərinə rüşvət qismində çatdırılması adı ilə sahibkarladan cəmi 900 min manat məbləğində pul vəsaitini aldatma yolu ilə ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib. Bundan başqa, istintaq zamanı Alik Həsənovun həmin vəzifədə işləyərkən eyni üsul və məqsədlə direktoru olduğu stadionun ərazisini digər sahibkara 8 milyon manata sata biləcəyini bildirməsinə, bunun üçün aidiyyəti vəzifəli şəxslərə rüşvət verilməsi və müvafiq sənədləşdirmənin aparılması adı ilə sahibkara məxsus 360 min manat məbləğində pul vəsaitini təkrarən ələ keçirməsinə də əsaslı şübhələr müəyyənləşdirilib. Qeyd edilən hallarla bağlı toplanan ilkin sübutlar əsasında Nadir Əliyev və Alik Həsənova müvafiq olaraq Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4, 312.1 (rüşvət verməyə təhrik etmə) və 32.4, 312.2-ci (rüşvət verməyə təkrarən təhrik etmə) maddələri ilə cinayət işi açılıb.

Azər İsrafilov