Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yerli hakimiyyət seçkilərində uduzduqdan sonra hakim Ədalət və İnkişaf Partiyasının kabinetində və rəhbərliyində bir sıra dəyişikliklər edə bilər.

"Unikal" xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti mənbələrə istinadən məlumat yayıb. 

Bildirilir ki, Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (Ak Partiya) rəhbərliyi ilə görüş keçirib. Türkiyə lideri partiyanın yerlərdə yol verdiyi nöqsanlara görə bələdiyyə seçkilərində istədiyi nəticəni əldə edə bilməyəcəyini, nəticələrin təhlil ediləcəyini bildirib.

"Bundan başqa, partiyanın qərargahı və Nazirlər Kabineti ilə bağlı dəyişikliklər də gecikmədən baş verməlidir. Bəzi köhnəlmiş nazir və sədr müavinlərinin dəyişdiriləcəyi gözlənilir. Əgər bu dəyişikliklər vaxtında edilməsə, bu dəfə gözləntilər məyusluğa çevrilə bilər", - deyə hökumət dairələrinə yaxın qəzet köşə yazarı Abdulkadir Selvi yazıb.

Martın 31-də Türkiyədə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib. İlkin məlumatlara görə, müxalif Türkiyə Cümhuriyyət Xalq Partiyası (CHP) son 20 ildə ilk dəfə hakim Ədalət və İnkişaf Partiyasını (AKP) ötüb.