Aprelin 6-da saat 09:20 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Binəqədi rayonu, Azadlıq prospektində mənzildə yanğın olması səbəbilə çağırış daxil olub.

Bu barədə "Unikal"a TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, hadisə yerinə dərhal 9 təcili yardım briqadası cəlb olunub. İlkin məlumata əsasən, 2 nəfər (qadın cinsli) tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə, 2 nəfər isə (qadın cinsli) bud sümüyünün sınığı, onurğanın küt travması diaqnozları ilə Kliniki Tibbi Mərkəzin Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

10 nəfərə isə yerində ilkin tibbi yardım göstərilib.

***

10:45

Bakıda yataqxanada baş verən yanğın söndürülüb.

Bu barədə "Unikal"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Binəqədi rayonu, Azadlıq prospektində yerləşən binada yanğın baş verib və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.

Yanğın nəticəsində beşmərtəbəli binanın birinci mərtəbəsində, ilkin hesablamaya əsasən, mənzildə 12kv.m sahədə otaq əşyaları və 24p.m elektrik naqilləri yanıb. Digər mənzillər yanğından mühafiə olunub.

FHN qüvvələri tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində 45 nəfər bina sakini təxliyə edilib.

***

10:16

FHN-in "112" qaynar xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Ceyhun Hacıbəyli küç., 150 ünvanında yerləşən yataqxana binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

"Unikal" FHN-ə istinadən xəbər verir ki, hadisə ilə əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.

Hazırda yanğının tam söndürülüməsi istiqamətində tədbirlər davam etdirilir.

***

10:06

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektində mənzildə yanğın olması barədə ilkin məlumat daxil olub.

"Unikal" xəbər verir ki, məlumatla əlaqədar FHN-nin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.