Bakı Hərbi Məhkəməsində Müdafiə Nazirliyinin həbs edilmiş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Ağaoğlan oğlu Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Nurəddin oğlu Kazımov, Quru qoşunların maliyyə idarəsinin sabiq rəisi, polkovnik Bayram Tahir oğlu Bayramov və Maliyyə idarəsinin zabiti Vüsal Ədalət oğlu Əlizadənin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. 

"Unikal"ın məlumatına görə, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə baş tutan məhkəmə prosesində Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin Nəzarət- Təftiş Şöbəsinin təqaüddə olan bir neçə zabiti və hərbi hissələrdən bir neçəsinin maliyyə xidmət rəisləri ifadə verib. Hazırda korpusların birində maliyyə xidmət rəisi işləyən Ələkbərov Bilman Cəmaləddin oğlu mənimsəmə cinayətini 3 hərbi hissədə törətdiyini etiraf edib: “Yoxlamalar olurdu, 2016-cı ildə Rüfət Quliyevə 5 min, 2016-2017-ci illərdə Rafael Xələfova 12 min manat, 2017-ci ildə yenidən Azər müəllimə 95 min manat təftiş pulu vermişəm. Bizə heç bir məcburiyyət yox idi ki, pul ödəyək. Yoxlama dövrü nə nöqsan tapılırdı ona uyğun pul ödəyirdik. İstintaq zamanı R. Xələfovla üzləşmişəm, 2 dəfə verilən 12 min manat söhbəti var idi. 25 min manat yeyinti olmuşdu  2018-ci ildə, mən həmin pulun 24 min manatını ödədim Maliyyə və Büdcə İdarəsinə, ancaq bundan Nizami müəllimin xəbəri olmamışdı. Sonra Xələfov dedi ki, həmin 12 min təkrar ödənilməlidir. 2-ci dəfə tələb etdiyi məbləği vermədim, hətta valideyinlərim də qarışdı həmin 12 min söhbətinə. 

Etiraf edirəm ki, dövlət büdcəsindən ayrılan 118 min 181 manat məbləği mənimsəmişəm. Bu günə kimi heç bir məbləğ ödəməmişəm, tez bir zamanda ödəyəcəyimə söz verirəm”.

Sonra hazırda Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin maliyyə xidmət rəisi işləyən Elnur Cəbrayılov ifadə verib: “2015-ci ildən 2020-ci ilin fevral ayına kimi olan müddətdə 58306 manat yeyinti olub, mənə 19968 manat pul çatıb, onu da tam olaraq ödəmişəm”. 

Artıq 5 ildir təqaüdə çıxan Rüfət Quliyev də mənimsəmə faktı ilə bağlı danışıb: “Maliyyə və Büdcə İdarəsinin Nəzarət-Təftiş Şöbəsinin baş inspektoru olmuşam. İşimiz hərbi hissələri yoxlamaq olub. Təftişə gedən zaman maliyyələşmədən arayış götürürdük, sərəncamda olurdu. Yoxlamalar zamanı nöqsanlar aşkar olunurdu, ancaq sənədləşdirilmirdi. Sənədləşdirməmək tapşırığını Rafael Xələfov verirdi. Ona məruzə edirdik, akt trətib etsəkdə reallığı yazmırdıq, 100-200 manatlıq yeyinti yazırdıq. Belə aktların qarşılığında mənimsənilmiş pulun 30-40 faizini alırdıq. Pulları maliyyə xidmət rəsilərindən biz alırdıq, həmişə belə olub. 

Rəşad Məlikzadənin Rafael Xələfova “Land Rover” markalı avtomobil alması ilə bağlı məni ibtidai istintaqda Xələfovla üzləşdirdilər. Həmin maşın mənim apardığım  yoxlamadan sonra alınmışdı, ancaq maşın söhbəti Xələfovla Məlikzadənin arasında olan bir məsələ idi, mən də eşitmişdim, sadəcə yadımdam çıxdığı üçün, 5 il qabaq olub, istintaqda verdiyim ifadəm də qeyd etməmişdim. Üzləşdirmə zamanı isə etiraf etdim ki, belə bir maşın alınıb. Mənimsədiyim məbləğdən 95 min manat ödəmişəm,  ziyanın qalan hissəsini yaxında ödəyəcəyəm”.

İşlədiyi zaman düzgün yolda olmadığını deyən növbəti təqaüddə olan Nəzarət-Təftiş Şöbəsinin baş inspektoru İsmayıl Sahib oğlu Rəsulzadə vəzifə borclarını layiqincə yerinə yetirmədiyini bildirib: “Yoxlamaya gedən zaman maliyyələşmə şöbəsindən məlumatları götürürdük, əlavə köçürmələri bilirdik. Maliyyə xidmət rəsilərindən bizi aldatmağa cəhd edənlərdə olub. Yerli maliyyəçilərə aşkar olunmuş mənimsəmə ilə bağlı məbləği biz deyirdik”. 
Dövlət ittihamçısı Mənzil İstismar İdarəsində 373 min manat mənimsəmədən 190 min manat pul istənilməsi ilə bağlı İsmayıl Rəsulzadəyə sual verib. 

İsmayıl Rəsulzadə: “Məbləğ elə idi, dəyişmirdi. Bir dəfə də Rafael Xələfov məni göndərdi “N” saylı hərbi hissəyə Zaur adlı zabitdən pul götürüm. Hərbi hissədə yoxlamada olan zabit xəstələnmişdi deyənə Xələfova pulu mən götürüb çatdırdım. R.Xələfovla Mərkəzi Klinik Hospitalda və Silahlı Qüvvələrin Hərbi Akademiyasında olan məbləğlə bağlıda üzləşdirdilər. O, əvvəl demişdi hospitaldan ona çatan məbləğ 300 min manat olub, amma reallıqda 400 min manat olmuşdu, ibtidai istintaqda sonuncu məbləğ sübut olundu”. 

Təqsirləndirilən şəxslərdən Bayram Bayramov İsmayıl Rəsulzadənin iştirakı ilə olan bir pul məsələsinə aydınlıq gətirmək üçün ona sual verdi:

-Beyləqanda olan zaman Həsən Paşayev, Rafael Xələfov və sənin iştirakınla maşınına içində pul olan çanta qoydum. 3 maşın gəlmişdiniz, təsdiq edirsən dediklərimi? 

-Mən məbləğin nə qədər olmasını bilmirdim, Həsənlə Rafael bilirdi. Oradan aralaşandan sonra onların hara getdiyindən xəbərim olmadı. 

-Rafael istintaqda deyib ki, guya mən pulu düzəldə bilməmişəm, Həsən həmin gün pul düzəlmədiyi üçün Bakıya qayıtmayıb, səhər pulu alandan sonra qayıdıb. Halbuki mən sizi bir yerdə yola salmışam.  

Sonra İsmayıl Rəsulzadə ifadəsini davam etdirib: “Özümün mənimsədiyim məbləğə gəlincə yaxın vaxtlarda ödəyəcəyəm”. 

Nizami Məmmədovun hüquqlarını müdafiə edən vəkil Rəşad Mirmehdizadə istintaq materaillarına əsaslanaraq  İsmayıl Rəsulzadənin mənimsədiyi məbləğin 300 min yox, 370 min manat olduğunu məhkəmə heyətinin nəzərinə çatdırdı. 

Məhkəmə prosesi 2014-cü ildən 2019-cü ilin aprel ayına kimi Nəzarət-Təftiş Şöbəsində baş inspektor işləyən, hazırda təqaüddə olan Səfər Şıxəliyevin ifadəsi ilə davam edib: “Rafael Xələfov olub şöbə rəisimiz. Yoxlama zamanı aşkar olunan nöqsanları Xələfova məruzə ediridim, o da nə qədər pul almağımı deyirdi. Əvvəlki dövrlərlə R.Xələfovun dövrü fərqli olub. Rafael Xələfovun dövründə yeyinti çox olub. 2017-ci ilə kimi mənimsənilən məbləğin 30 faizindən çoxu götürülmürdü. 2018-ci ildə 950 saylı hərbi hissədə yoxlamada olmuşam. 30 faizdən artıq pul almamışam, daha doğrusu verməyiblər. 

Mənə 150 min manat ziyan yazılıb. Rafael Xələfov xüsusi tapşırıq adı ilə 2017-ci ilin iyununda 30 min, 2018-ci ildə bir dəfə 20 min, bir dəfə də 25 min manat pul alıb məndən. İstəyirəm həmin məbləği mənim ziyanımdan çıxsınlar. İstintaqda üzləşmədə Rafael Xələfova demişəm. O təkcə məndən yox, xüsüsi tapşırıq adı ilə Rüfət Quliyevdən, Yaşar Rzayevdən də alıb. Alanda demişdi yoxlamalar zamanı nəzərə alacaq, ancaq  eləmədi. İstintaqda bu pulları almağını təsdiq etdi. 

Rafael Xələfovun göstərişi ilə 950 saylı hərbi hissədən 243 min pul alınıb, mənə 20 min pul çatdı bu məbləğdən. Hərbi Polisdə Sadiq Hacıyevdən 47 min pul almışdım təftiş üçün, amma istintaqda 120 min manat yazmışdılar. Səbəb də onu gətirmişdilər ki, yandırılmış sənədlər sübut olunmayıb. Ona görə artıq yazıb istintaq. Yoxlamadan gizlətmək mümkün olmadı. 

Mənimsədiyim məbləğə gəlincə hələ ödəniş etməmişəm, ancaq yaxın günlərdə ödəyəcəyəm. Təqaüdə getməyimə də səbəbkar Rafael Xələfov oldu, onunla yaxın olmadığım üçün məni istirahətə göndərdi”.

Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib. Cinayət işi üzrə

Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər birinə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham irəli sürülüb.

Azər İsrafilov