"Növbədənkənar parlament seçkiləri ilə bağlı bir şey söyləmək çətindir. Ölkənin gündəliyi beynəlxalq əhəmiyyətli tədbirlərlə zəngindir. Bunun hansı formada nəzərdə tutulacağı gedişatda müəyyən olunacaq".

Bunu "Unikal"a açıqlamasında deputat Fazil Mustafa deyib. O bildirib ki, parlament seçkiləri ciddi tarixi hadisədir:

"O baxımdan elə vaxta salınmalıdır ki, beynəlxalq tədbirlərlə üst-üstə düşməsin. Noyabr ayında konstitusiya ilə nəzərdə tutulan müddət tamamlanır. Ola bilər ki, növbədənkənar olsun. Müxtəlif variantlar var. Bu variantların beynəlxalq tədbirlərlə üst-üstə düşməməsi şərti ilə hansısa birinin həyata keçirilməsi mümkün ola bilər. Amma dəqiq vaxt söyləmək çətindir".

Qeyd edək ki, ölkədə sonuncu parlament seçkiləri 2020-ci ilin 9 fevralında keçirildiyindən, hazırkı çağırış parlamentin fəaliyyətinin beşinci ili 10 fevral 2024-cü ildən etibarən başlayır və Konstitusiyaya əsasən ölkədə növbəti parlament seçkiləri 2024-cü ilin noyabr ayının ilk bazar günü yəni, 3 noyabr 2024-cü il tarixinə təsadüf edir.

Anar Kəlbiyev