"Biz istəsək də Ermənistanın suveren ərazisindən imtina edə bilmərik". 

"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan dünən Tavuş vilayətində kənd sakinləri ilə görüşündə deyib. 

Onun sözlərinə görə, ərazinin dəyişdirilməsi referendum keçirməklə həll edilməlidir: "Çünki Ermənistan Respublikasının Konstitusiyasında yazılıb ki, Ermənistan Respublikasının ərazisinin dəyişdirilməsi ilə bağlı qərar yalnız referendum yolu ilə qəbul edilə bilər. Əgər nəyisə nə iləsə dəyişmək üçün mövzu yaranırsa, hökumət və Milli Məclis bunu edə bilməz. Deyə bilərlər ki, gəlin bu məsələ ilə bağlı referendum keçirək". 

Paşinyan həmçinin Azərbaycana veriləcək 4 kəndlə bağlı fikirlərini bildirib: "Biz hər kəsə hörmət edirik və qiymətləndiririk. Çox məsələlərdə müxalifətlə razılaşmırıq, hesab edirik ki, Tavuşun 4 kəndini verirlər deyəndə, bunu sadəcə təhrif edirlər. Tavuşun Qızıl Hacılı, Xeyrimli kəndi nə vaxt olub?"

Qeyd olunub ki, kənd sakinləri Paşinyanın ikinci səfərindən razı qalıblar. 

Ağarza Elçinoğlu