Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov I sinfə qəbul zamanı uşaqların müsahibə olunaraq məktəbə qəbulu məsələsinə narazılıq edib.

"Unikal"ın məlumatına görə, komitə sdəri parlamentin bugünkü plenar iclasında “Təhsil haqqında” qanuna təklif olunan dəyişiklərin müzakirəsi zamanı bildirib ki, ölkədə 9 illik təhsil icbaridir. 

Onun sözlərinə görə, şagird məktəbə dərs öyrənmək üçün gəlir: “Əgər həmin uşaq evdə oxuyacaqdısa, niyə məktəbə gəlir? Vaxtı ilə çar Aleksandr manifest qəbul etdi və insanları evindən dartıb məktəbə gətirirdi. İndi isə istəyirlər ki, insanlar məktəbə gəlməyib evdə otursun. Məktəbəqədər təhsil müəssisələrinin sayı Bakıda 25 %-dir, əgər orada olan uşaqların 10-15 %-i müshaibədən keçmirsə, harada təhsil almalıdır?! Hindistanda İndira Qandinin vaxtına qədər belə qayda var idi ki, ancaq varlı uşaqlar təhsil ala bilir. Sonradan bu məsələni bir az yüngülləşdirib kasıb uşaqların da bu siyahıda olmasına razılıq verdilər”.

Komitə sədri qeyd edib ki, bu gün valideyn yaşadığı əraziyə yaxın məktəbə övladını qoymaq istəyir, müsahibə əsasında böyük ansambl sıraya düzülür: “Guya, uşağın biliyini yoxlayır. Bu, hansı qanunvericilikdə nəzərdə tutulub? Bütün oxumaq istəyən şəxslər üçün şərait yaradılmalıdır. Onları məktəbdən qovmaq əvəzinə, oxumağa sövq edək. Hərə özündən bir qayda qəbul edib, uşaqların oxumasına maneçilik törətməsin. Hər bir dövlət məmuru qanunvericiliyin tələbini yerinə yetirməlidir”.

Anar Kəlbiyev