Köhnə və yeni nazir tənqid olundu
Köhnə və yeni nazir tənqid olundu

Istiqlalçı deputatların pensiya məsələsi qaldırıldı

Milli Məclisin keçirilən iclasında ilk çıxış edən deputat Qüdrət Həsənquliyev Azərbaycan Xalq Cünmhuriyyətinin yaradılmasının 95 illik münasibətilə Azərbaycan xalqını və millət vəkillərini təbrik edib. Qüdrət Həsənquliyev bu bayramın qeyd olunmasında səbəbkar olan istiqlalçı deputatların pensiya məsələsinin hələ də həll olunmamasına diqqət çəkib. O bildirib ki, bu məsələ öz həllini tapmalıdır.

"Milli Məclis sabiq millət vəkillərinin pensiya məsələsinə mütləq baxmalıdır".
Onun sözlərinə görə keçmiş kommunistlər, məhkəmə sədrləri, keçmiş partiya işçiləri necə pensiya alırlar, eləcə də Azərbaycanın istiqlaliyatına səs vermiş istiqlalçı deputatlar da pensiya almalıdır.

Siyavuş Novruzov
Hadi Rəcəbliyə
eks-deputatlarla bağlı müraciət etdi

Milli Məclisin iclasında çıxış edən millət vəkili Siyavuş Novruzov 1995-2000-ci illərdə deputat olmuş şəxslərin statusunun qaldırılması məsələsinə toxunub. O bildirib ki, bu illərdə deputat olmuş şəxslərin pensiya təminatı ilə bağlı problemlər var. Həmin illərdə fəaliyyət göstərən deputatalarla 2000-ci ildən seçilən millət vəkillərinin pensiya təminatında kəskin fərq olduğunu vurğulayan Siyavuş Novruzov Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəblidən xahiş edib ki, qanunvericiliyə əlavə və dəyişiklik edilməsi məsələsini sənəddə əsaslandırsın.

Eldar İbrahimov
deputatlara ehtiyatlı
danışmağı tövsiyyə etdi

Deputat Eldar İbrahimov çıxış edərək İran səfərindən danışıb. E.İbrahimov səfərin əhəmiyyətini müsbət qiymətləndirərək İran rəsmi dairiləri tərəfindən yaxşı qarşılandıqlarını deyib. Deputat bildirib ki, hər iki tərəfdə münasibətləri pozmaq istəyən casuslar var.Millət vəkilinin sözlərinə görə, bundan sonra da İranla əlaqələri genişləndirmək lazımdır.
Deputat İran səfəri zamanı spiker Əli Laricani ilə görüşdüyü xatırladaraq İran parlament sədrinin Oqtay Əsədovu İrana dəvət etdiyini bildirib.
E.İbrahimov daha sonra deputat həmkarlarına müraciət edib. Onları qonşu dövlətlərlə bağlı danışarkən ehtiyyatlı olmağa çağırıb."Biz İran və Rusiya münasibətlərimizi düzəltməliyik".
Millət vəkili Məlahət İbrahimqızı Gəncədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin ötən gün keçirilən tədbirinə münasibət bildirib. Deputat qeyd edib ki, orda sahibkar qadınlarla bağlı məsələ qaldırılıb.
Millət vəkili sahibkar qadınların xahişini də diqqətə çatdıraraq bildirib ki, onlara müəyyən güzəştlər olmalıdır. "Çünki istənilən beynəlxalq iqtisadi forumlarda Azərbaycandan olan qadın iş adamları gözlənilir". Deputat onu da əlavə edib ki, güzəştlər ailə başçısı olan analara da bu məsələ şamil olunsun.

Milli Məclisdə
Qarabağ veteranlarının müavinətinin artılması tələb olundu

Elman Məmmədov "Şəhid statusu haqqında" qanunda kifayət qədər hüquqa zidd müddəaların olduğunu qeyd edib. Modern.az xəbər verir ki, millət vəkili həmin sənədə yenidən baxılmasını təklif edib. Eyni zamanda o bildirib ki, Azərbaycanda Qarabağ müharibəsi veteranları çox cüzi müavinət alırlar.
"Bu müavinət qaldırılmalıdır. Bundan başqa, 1988-ci ildən 1991-ci ilə milli münaqişə ola bilərdi. Amma bütün əlillərə verilmiş sənədə göstərilir ki, "milli münaqişə zəmində əlil olmuş insanlar". Hesab edirəm ki, bu doğru yanaşma deyil. Bu ermənilərin xalqımıza qarşı apardığı müharibədir. Ona görə bu söz o sənədə belə dəyişdirilməlidir: "Qarabağ müharibəsi zamanı əlil olmuş insanlar"" deyə millət vəkili vurğulayıb.

Milli Məclisdə Elçibəylə bağlı TƏKLİFLƏR
irəli sürüldü

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev keçmiş prezident,Azərbaycan Xalq Hərəkatının lideri, mərhum Əbülfəz Elçibəyin dövlət səviyyəsində yubileyinin keçirilməsini, adının əbədiləşdirilməsi məsələsini qaldırdı. Və eyni zamanda Güney Azərbaycandakı milli fəalların azad olunması üçün Azərbaycan parlamentinin müraciət göndərilməsinin vacib məsələ olduğunu bidirdi.
Millət vəkili deyib ki, bu müraciət Azərbaycan milli azadlıq və dövlətçilik tarixində yer tutmuş Əbülfəz Elçibəyin adının əbədiləşdirliməsi və həmin dövr dövlətçilik tariximizə verilən əhəmiyyət baxımdan dəyərlidir.

İqbal Ağazadə
yeni təhsil nazirini
tənqid etdi

Iclasda çıxış edən deputat İqbal Ağazadə yeni təhsil naziri Mikayıl Cabbarovun fəaliyyətini tənqid edib. Deputat Azərbaycan vətəndaşlarının xaricdə təhsil alması üçün təqdim olunan siyahıda bəzi universitetlərin çıxarılmasına diqqət çəkib. O bildirib ki, ABŞ universitetləri bu siyahıdan çıxarılıb, yerinə isə MDB ölkələrinin universitetləri daxil edilib.
"Bu təhsilin keyfiyyətinin aşağı salınmasına xidmət edir. Çünki bilirik ki, Amerika, Qərb universitetləri daha keyfiyyətli təhsil verir. Lakin yeni təhsil naziri MDB ölkələrinin universitetlərini siyahıya salıb ki, Azərbaycan vətəndaşları daha çox gedib o universitetlərdə təhsil alsınlar".
Daha sonra İqbal Ağazadə kinayə ilə bildirib: "Yoxsa SSRİ bərpa olunur?!"
Deputat eyni zamanda Vəkillər Kollegiyasının ləğvini tələb edib. "Hansı vəkil hakimiyyətin xoşuna gəlmirsə, onu vəkillik hüququndan azad edirlər. Son dövrdə Aslan İsmayılov vəkillikdən çıxarılıb".
İqbal Ağazadə eyni zamanda qəzet köşkləri ilə bağlı məsələyə münasibət bildirib. Qeyd edib ki, son vaxtlar qəzet köşkləri yığışdırılır. "Rayonlarda qəzetlər verilmir, Bakıda da qəzet köşklərini barmaqla saymaq olar.
Spiker Oqtay Əsədov Təhsil Nazirliyi ilə bağlı deputatın qaldırdığı məsləyə münasibət bildirib. Qeyd edib ki, təhsil naziri yeni təyin olunub, ona görə də onu hələ tənqid etmək, müzakirə etmək yersizdir.

Milli Məclisdə
Misir Mərdanovun
əleyhinə danışdılar

Deputat Zahid Oruc Azərbaycanda təhsilin vəziyyətindən danışıb. "Son zəng" gününün yaxınlaşdığını xatırladan deputat Misir Mərdanovun təhsil naziri postundan çıxarılmasına münasibət bildirərək, bu addımın doğru olduğunu diqqətə çatdırıb.
"Təhsil nazirin çıxarılması bu işdə böyük bir irəliləyişdir. Təbii ki, bu sahədə ciddi problemlər var idi. Təhsilin inkişafı üçün bu sahəyə diqqət etmək lazımdır. Yerlərdə təhsil şöbələri icra orqanlarına tabedirlər. Doğru olar ki, onlar birbaşa Təhsil Nazirliyinə tabe olsunlar. Hesab edirəm ki, Təhsil Nazirliyi ilə TQDK-nın fəaliyyəti birgə işə çevrilməlidir".
Deputat daha sonra bildirib ki, elə ümumtəhsil ocaqları var ki, oradan ali məktəbə heç bir nəfər də olsa, qəbul ola bilmir. Z.Oruc qeyd edib ki, artıq orta məktəblərdə "Son zəng"dir, bu, Milli Məclisin də "son zəng"idir.
Spiker Oqtay Əsədov isə Zahid Orucun bu çıxışına münasibət bildirərək, qeyd edib ki, bu məsələləri qarışdırmaq olmaz. "Məsələləri qarışdırmayın. Milli Məclisin "son zəng"i 2015-ci ilin noyabrında olacaq".
Daha sonra iclasın gündəliyinə daxil olan 9 məsələyə baxıldı. Belə ki, iclasda Azərbaycan və Monteneqro arasında imzalanmış bir sıra sənədlər - dostluq münasibətləri və tərəfdaşlıq haqqında bəyannamə, iki ölkə arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması ilə bağlı Konvensiya və onun tərkib hissəsi hesab edilən Protokol, beynəlxalq kombinə edilmiş daşımalarla bağlı saziş təsdiq edildi.
Həmçinin iclasda Azərbaycan və Xorvatiya arasında strateji tərəfdaşlıq və dostluq münasibətləri haqqında Zaqreb Bəyannaməsinin təsdiq edilməsi və "Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Beynəlxalq Hərbi İdman Şurası arasında Beynəlxalq Hərbi İdman Şurasının Birinci Dünya Futbol Kubokunun təşkili haqqında" müqavilənin təsdiq edilməsi müzakirəyə çıxarıldı və qəbul olundu. Bundan başqa lli Məclis "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" qanuna dəyişiklik edib.Layihə barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.Mövcud variantda qeyd olunurdu ki, 2013-cü il iyunun 1-dən pasportda elektron daşıyıcı (çip) yerləşdirilməsi, elektron daşıyıcıya (çipə) pasport sahibinin imzası istisna olmaqla onun barəsində məlumatlar, pasport sahibinin üz təsviri və barmaq izi və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edildiyi halda digər məlumatlar daxil edilməlidir.
Müzakirəyə çıxarılacaq dəyişikliyə görə, bu tarix sentyabrın 1-ə keçirilir. Yeni formada həmçinin pasportların verilmə müddəti də göstərilib. Belə ki, pasportlar 1 yaşınadək uşaqlar üçün birillik müddətə, 1 yaşından 3 yaşınadək uşaqlar üçün üçillik müddətə, 3 yaşından 18 yaşınadək uşaqlar üçün beşillik müddətə, 18 yaşına çatmış şəxslər üçün isə onillik müddətə veriləcək. Ə. Hüseynli bildirib ki, qanuna dəyişikliyin edilməsi barədə müraciət Daxili İşlər Orqanlarından ünvanlanıb. O qeyd edib ki, həmin qurumlar yeniliklərin tətbiqi üçün müəyyən texniki işlərin aparılmasına ehtiyac olduğunu və buna zaman lazım olduğunu bildiriblər. Müzakirələrdə sonra layihə səsə qoyularaq qəbul olunub.Milli Məclisin növbəti iclasın mayın 31-də keçirilməsi qərarlaşdırıldı. Bu barədə spier Oqtay Əsədov bildirib.Spiker Milli Məclisin iş müddətinin artırılacağını bildirərək qeyd edib ki, artıq 90 deputat növbədənkənar sessiya ilə bağlı müraciəedib."90 millət vəkili müraciət edib. Buna görə iyun ayında növbədənkənar sessiya olacaq".
Hüseyn İsgəndərov