Tanrının cəzası ağır, mükafatı şərəfli olur
Tanrının cəzası ağır, mükafatı şərəfli olur

Nə qədər qəribə və təəssüf doğuran hal olsa da, son illər dünyanın hər yerində, o cümlədən Azərbaycanda kütləvi insan tələfatı ilə nəticələnən çoxsaylı avtoqəzalara sanki öyrəşmişik. Necə deyərlər, əsasən insan amili ilə bağlı olan bu ölüm hadisələrini faciə yox, statistika kimi qəbul edirik.
Amma Rusiyanın Podolsk şəhəri ətrafında yük avtomobilinin sərnişin avtobusu ilə toqquşması nəticəsində 18 nəfərin həyatını itirməsi və xeyli insanın yaralanması qonşu ölkənin vətəndaşları kimi, bizim üçün də sıradan bir qəza olmadı. Özü də təkcə ona görə yox ki, qəzanın günahkarı yük avtomobilinin sürücüsü Qraçya Arutyunyan Ermənistan, avtobusda həlak olanlar isə Rusiya vətəndaşlarıdır. Həm də onun üçün ki, sən demə, Q.Arutyunyan... Qarabağ müharibəsi "veteran"ı imiş.
Taleyin hökmünə bax, bir vaxtlar Rusiyanın silahı və dəstəyi ilə Qarabağda dinc əhalini qətlə yetirmiş birisi indi silahını (sükanını) həmin ölkənin vətəndaşlarına tuşlayıb. Bundan sonra Q.Arutyunyanın dəmir barmaqlıqlar yox, qəfəs arxasında başını aşağı dikib yazıq görkəm almasının səmimiliyinə necə inanasan? Axı onun üçün Qarabağda qətlə yetirdiyi onlarla günahsız uşaq, qadın, qoca ilə müqayisədə 18 nəfərin ölümü nədir ki... Yəqin, ömrü boyu cəzasız qalacağını, həyatını "qəhrəman" kimi yaşayacağını güman edirdi. Amma güman etmirdi ki, Tanrı heç kimin cinayətini bağışlamır, tez və ya gec cəzasını verir!
Q.Arutyunyanın əynindəki arvad xalatına diqqət yetirin. Yəqin, 20-25 il əvvəl - əlində silah, sinəsində patron lenti, ayağının altında növbəti qətlə yetirdiyi dinc sakinin cəsədi müxtəlif pozalarda şəkil çəkdirəndə ağlına da gətirməzdi ki, bir vaxtlar həmin ulu Yaradanın hökmü ilə arvad xalatı geyib başını soxmağa yer axtaracaq, qanlı əlləri ilə insanlığa xas olmayan sifətini gizlətməyə çalışacaqdır.
İndi bütün erməni millətçiləri, separatçıları Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən Q.Arutyunyanın arvad xalatında məhkəməyə gətirilməsinə, bu görkəmdə telekanallarda göstərilməsinə, şəkillərinin qəzet və internetdə yayılmasına etirazlarını bildirirlər. Hətta Rusiyanın Ermənistandakı səfirliyinin qarşısında kütləvi nümayişlər də keçirilir.
Qoy olsun, buna sözümüz yox. Ola bilsin, güman edirlər ki, Rusiya polisi Ermənistan vətəndaşını həbs edərkən onun hüququnu (?) pozub, geyim-keciminə fikir verməyib! Amma sözümüz onadır ki, Q.Arutyunyan və onun kimi arvad xalatlı yüzlərlə erməni "qəhrəman"ının Dağlıq Qarabağdan dinc əhalini qışın sazağında əyni-başı, ayağı yalın didərgin salmalarını niyə unudublar? Əgər unutmasaydılar, qatilə arvad xalatı geydirilməsinə görə nəinki Rusiyanı qınayar, hətta ona "sağ ol" deyərdilər.
Bir də başa düşə bilmirik ki, dövlət bayrağımızı təhqir etdiyinə görə erməni kursantını cəzalandıran Azərbaycan zabitinin 8 ildən sonra azadlığa çıxması faktından ölkəmizi beynəlxalq qınağa çəkmək cəhdi nə idi, Qarabağda törətdikləri bir yana, Rusiyada 18 nəfərin ölümünə səbəb olan qatilə göstərilən bu canfəşanlıq nədir?! Axı nə bayraqla xalat müqayisəyə gələndir, nə də bir günahkarın cəzalandırılması ilə onlarla günahsızın qətli!
Gərək yaddan çıxmasın ki, Tanrının cəzası ağır, mükafatı şərəfli olur!
Alı