Ermənistanı silahlandırırlar...
Ermənistanı silahlandırırlar...

Yayılmış məlumatlara görə, Ermənistan Çin istehsalı olan AR1A raket komplekslərini alıb. Erməni saytı "news.am"-ın yazdığına əsasən, bu xəbəri "Azadlıq Radiosu" yayıb. Sözügedən komplekslər 130 km məsafədə hədəfləri məhv etmək qabiliyyətinə malikdir.

AR1A kompleksləri Rusiya istehsalı olan "Smerç"lərin müasirləşdirilmiş variantı sayılır.
Ermənistan müdafiə nazirinin mətbuat katibi Artsrun Ovannisyan "Azadlıq Radiosu"a açıqlamasında AR1A komplekslərinin alınması xəbərini nə təsdiq, nə də təkzib edib.
Müstəqil hərbi ekspert Üzeyir Cəfərovun "Unikal"a söylədiyinə görə, "Çinin Ermənistana ən müasir hərbi silahar satması birinci dəfə deyil və Azərbaycan tərəfinin də bu baxımdan unutqanlıq nümayiş etdirməsi də birinci dəfə deyil. Bir müddət əvvəl Çin bu təcavüzkar ölkəyə müasir silahlar satmışdı. O zaman mətbuatda bu fakt işıqlandırılandan sonra Azərbaycan tərəfinin sorğularına cavab olaraq Çin hökuməti məsələdən xəbərsiz olduğunu, bu əməliyyatın guya hansısa şirkət tərəfindən həyata keçirildiyini bildirmişdi. Və beləcə də məsələ ört-basdır edildi. Eynilə Moldovanın da Ermənistana silah satması zamanı olduğu kimi. Moldova hökuməti də əvvəlcə faktdan xəbərsiz olduğunu bəyan etdi. Sonra Azərbaycan hökumətinin israrlı davrandığını görüb Moldova Müdafiə Nazirliyinin baş qərargahının rəsini vəzifəsindən azad etdilər. Bununla da məsələ gündəmdən çıxdı və hamı susdu".
Ekspertin sözlərinə görə, "Ermənistan tərəfi bu cür formada silahlanmasını Azərbaycanın müntəzəm şəkildə öz hərbi cəbbəxanasını yeniləşdirməsinə cavab kimi şərh edir. Azərbaycan tərəfi işğala məruz qalmış bir ölkədir və öz torpaqlrını azad etməyə doğru kurs götürüb. Bəs Ermənistan nə istəyir? Axı o öz ərazisində Rusiyanın 102 saylı hərbi bazasını yerləşdirməklə, faktiki olaraq, Rusiyanın vassalına çevrilib və ərazi təhlükəsizliyi tam şəkildə təmin edilib. Eyni zamanda, bölgədə Ermənistanı təhdid edən başqa bir dövlət də yoxdur. Onda bu silahlanmalar nəyə lazımdır? Fikrimcə, Tükiyə tərəfi də bu fakta reaksiya verməlidir".
Böyük Quruluş Partiyasının başqanı, millət vəkili Fazil Mustafanın "Unkal"a bildirdiyinə görə, "Hər şeydən əvvəl bu faktın özü rəsmi kanallarla dəqiqləşdirilməlidir. Fakt dəqiqləşəndən sonra diplomatik kanallar vasitəsilə Çin tərəfinə sorğu edilməlidir. Mənim müşahidələrimə görə, Çin Xalq Respublikası Güney Qafqaz bölgəsində ehtiyatlı siyasət yürütməyə üstünlük verir. Əgər fakt təsdiqlənsə, Azərbaycan tərəfi müvaiq addımlar ata bilər. Çünki Çin bu bölgədə yürüdülməkdə olan enerji siyasətinə ciddi maraq göstərir və bu siyasətin başında isə Azərbaycan durur. Ona görə də Çin tərəfi Azərbaycanla münasibətlərin pozulmsında maraqlı olmamalıdır".
Millət vəkilinin sözlərinə görə, "Adətən, böyük dövlətlər kiçik dövlətlərin maraqları ilə az maraqlanırlar. Amma Azərbaycan bu bölgədə önəmli çəkiyə malik olduğundan Çin tərəfini narahat eməyə haqqı çatır".

Adil Hüseynli