İcra başçılarının şok “yarpaq tökümü” başlayır
Rəsmən açıqlandı: rayon rəhbərlərinin fəaliyyəti ilə bağlı total yoxlamalara start verilir; kimlər “vurulacaq”?
Azərbaycanda yaxın 3 ay ərzində bir neçə rayonun icra başçısı dəyişdiriləcək. Bu barədə redaksiyamıza etibarlı mənbədən bildirilib.

Mənbənin sözlərinə görə, dəyişdiriləcək icra başçılarının sayı kifayət qədər çox olacaq: “İlk növbədə sosial narazılıqların yüksək olduğu, məmur korpusundan ciddi şikayətlərin, etirazların gəldiyi rayonların icra başçılarının dəyişdirilməsinə üstünlük veriləcək. Bununla həm belə rayonlarda Quba və İsmayıllı rayonlarındakı gözlənilməz xaotik hadisələrin yaşanmasına qarşı önləyici addımlar atılmış olacaq, həm də hökumətin tərkibində köklü dəyişikliklərə getmək istəməyən iqtidar icra başçılarının “vurulması” ilə əhalinin kadr dəyişiklikləri ilə bağlı gözləntilərini təmin etməyə çalışacaq”.
Qeyd edək ki, son günlər bir çox nüfuzlu KİV-lərdə yayılan bəzi məlumatlar da “Unikal”a daxil olan bilginin səhihliyinə şübhə yeri qoymur. Həmin məlumatlarda əsaslandırılmış və inandırıcı şəkildə bildirilir ki, bəzi icra başçılarının isə arxada qalan prezident seçkilərinin sonuclarına görə, cəzalandırılması gözlənilir. Belə ki, yuxarı dairələr bir neçə rayonda seçkilərin təşkilindən və seçici fəallığının aşağı olmasından, eləcə də seçkiləri müşahidə edən xaricilərə “lazımsız əsaslar və faktlar verilməsindən” ciddi narazı qalıb. Rəhbərlik bu nəticələrə görə günahı birbaşa həmin rayonların icra başçılarında görür.
Xüsusən həmin rayonlarda seçici fəallığının aşağı olması yerlərdə əhalinin rayon rəhbərlərindən narazılıqlarının ümumilikdə hakimiyyətə münasibəti kimi qəbul edilir.
Məlumatlara görə, bütün bunlarla bağlı rayon rəhbərlərinə ciddi xəbərdarlıq edilib və həmin rayonlarda gözləntilərin doğrulmaması birbaşa icra başçılarının yarıtmazlığı, işlərini düzgün qura bilməmələri və əhali ilə işləməyin yolunu tapmamasının nəticəsi kimi qiymətləndirilib. Xəbərdə o da deyilir ki, seçici fəallığının çox aşağı olduğu və hakimiyyətin daha yüksək nəticə gözlədiyi, lakin reallığın bu gözləntilərdən kəskin fərqləndiyi rayonların siyahısı müəyyənləşdirilib. Bu siyahıda adları olan rayonların icra başçılarından ciddi hesab sorulacağı və onların cəzalandırılacağı qaçılmazdı.
Ən nəhayət: dünən Hesablama Palatasından mətbuata göndərilən rəsmi açıqlama da mərkəzi hakimiyyətin yerli icra hakimiyyətləri ilə bağlı yaxın aylar içində ciddi planlar düşündüyü qənaətinə gəlməyə imkan verir. Hesablama Palatasının rəsmi məlumatında bildirilir ki, adıçəkilən qurum Gədəbəy, Xızı, Ağstafa və Astara rayon icra hakimiyyətlərinə dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu və ehtiyat fondlarından ayrılan vəsaitlərin istifadəsinə dair audit nəticələrini təsdiqləyib. Belə ki, dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu, ehtiyat fondları, mənzil və kommunal təsərrüfatı bölmələrindən Gədəbəy rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsi, “Milk-Pro” MMC tərəfindən dövlət vergilərinin vergi qanunvericiliyinə uyğun hesablanılması və dövlət büdcəsinə ödənilməsi, “Bakı İnşaat Layihə” QSC tərəfindən dövlət vergilərinin vergi qanunvericiliyinə uyğun hesablanılması və dövlət büdcəsinə ödənilməsi və Xızı rayonlu üzrə dövlət torpaq fondunun (o cümlədən dövlət mülkiyyətində olan torpaqların) bölgüsü, istifadə vəziyyəti və onun barəsində verilmiş sərəncamların uyğunluğu üzrə auditlərin nəticələrinə dair Hesabat və Rəylər geniş müzakirə olunaraq təsdiq edilib. Bütün nəzarət tədbirlərinin nəticələri barədə Azərbaycan Respublikasının Milli Məclisinə məlumatların təqdim edilməsi qərara alınıb.
Bundan başqa, Xızı rayon İcra Hakimiyyətinə dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu və ehtiyat fondlarından ayrılan vəsaitlərin istifadəsinə, Ağstafa və Astara rayonları üzrə dövlət torpaq fondunun (o cümlədən dövlət mülkiyyətində olan torpaqların) bölgüsü, istifadə vəziyyəti və onun barəsində verilmiş sərəncamların uyğunluğuna, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Yevlax rayon şöbəsinin gəlir və xərclərinin proqnozlaşdırılması və icrasına dair Audit proqramları da təsdiq olunub. Həmçinin adıçəkilən rayonların dövlət büdcəsinin “Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi” bölməsindən Naxçıvan MR büdcəsindən Naxçıvan MR Meşə Təsərrüfatı İdarəsinin saxlanılmasına ayrılan vəsaitlərin maliyyələşdirilməsi, məqsədli və təyinatı üzrə istifadəsinə və Mingəçevir şəhər İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsinə dair Audit proqramları da təsdiq olunub.
İstisna deyil ki, çoxsayda yoxlamaların start verilməsi məhz Azərbaycanda icra başçılarının gözlənilən “yarpaq tökümü”nə hazırlığın bir mərhələsidir. İstər rəsmi audit, istər mərkəzi hakimiyyətə gələn şikayətlərin nəticələrinin təhlili, istərsə də prezident seçkisi zamanı neqativ mənzərənin meydana çıxdığı rayonların müəyyənləşdirilməsi sonunda yaxın bir neçə ayda çoxsayda icra başçısının görəvdən alınması reallaşma dərəcəsi yüksək olan ehtimal kimi görünür.
Hətta belə icra başçılarından bəzilərinin adları da göstərilir. Onların arasında Zərdabın icra başçısı Lütvəli Babayev, Neftçalanın icra başçısı İsmayıl Vəliyev, Sabirabad rayonunun icra başçısı Nazim İsmayılov, Bərdə rayonunun icra başçısı Vidadi İsayev, Qusar rayon icra hakimiyyətinin rəhbəri Şair Alxasov, Ağdaş rayon icra hakimiyyətinin başçısı Tofiq İbrahimov və digərləri var.
Bir sözlə, yerli icra rəhbərlərini qarşıda olduqca çətin mərhələ gözləyir. Artıq mərkəzi hakimiyyət yerli rəhbər şəxslərin şıltaqlıqlarına dözmək niyyətində deyil, bu cür ad çıxaran icra başçılarını sərt formada cəzalandırmaq fikrindədir. Belədə kimlərin postlarını qoruyub kimlərin sevimli kürsülərindən uzaq düşəcəyini isə zaman göstərəcək.
Ülviyyə Qasımlı