Prezidentlərin görüşündə yeni təklif
Prezidentlərin görüşündə yeni təklif
ABŞ-la Rusiya son həmləsini etməyə hazırlaşır

“Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü ilin sonuna planlaşdırılır” , - bunu jurnalistlərə ATƏT-in Minsk qrupunun Rusiyadan olan həmsədri İqor Popov həmsədrlərin Azərbaycan prezidenti İlham Əliyevlə görüşündən sonra deyib.
Rusiyalı həmsədr bildirib ki, noyabrın 4-də Azərbaycan prezidenti ilə keçirdikləri görüşdə müzakirə olunan məsələlərdən biri də məhz prezidentlərin görüşü məsələsi olub.
Popov deyib ki, Azərbaycan prezidenti Ermənistan prezidenti ilə belə bir görüşün keçirilməsinə razılıq verib. Popov deyib: “Həmsədrlər bu gün Yerevana yola düşəcək. Orada bu məsələ Ermənistan prezidenti Serj Sarkisianla müzakirə olunacaq. Müzakirədən sonra rəsmi bəyanat yayılacaq. Biz ümid edirik ki, görüş ilin sonunadək keçirilə bilər”.
Səfər ərəfəsi Minsk qrupunun amerikalı həmsədri James Warlick Turan informasiya agentliyinə demişdi ki, “Qarabağ probleminin nizamlanmasında həlledici amil Serj Sarkisianla İlham Əliyevin siyasi iradə göstərməsidir”.Keçmiş dövlət müşaviri Vəfa Quluzadə isə bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin iradəsi ola bilər. Ancaq Ermənistan prezidentinin, tarix sübut edib ki, bu məsələdə siyasi iradəsi ola bilməz:-“ Çünki onun siyasi iradəsinin yerinə Rusiyanın siyasi iradəsidir ortalıqda. Mən həmişə yada salıram, bir də xatırladım. 1992-ci ildə İranın vasitəçiliyi ilə Tehranda o vaxt Azərbaycan prezidenti vəzifəsini icra edən Yaqub Məmmədovla Ermənistan prezidenti Levon Ter-Petrosian Qarabağ münaqişəsinin dinc yolla həlli barədə saziş imzaladı. Bundan bir neçə saat sonra erməni birləşmələri Şuşanı işğal etdi. Bu necə ola bilər? Prezidentin öz ordusundan xəbəri yoxdur... Bu, ondan xəbər verir. Rusiyanın isə xəbəri var." Maraqlıdır, bəs durum bu şəkildədirsə onda prezidentlərin görüşləri nələrlə nəticələnə bilər? Ekspertlər bildirir ki, bu görüşün baş tutmasının ən vacib özəlliyi budur ki, artıq bir ildən çox idi ki, iki prezidentin görüşü olmurdu və danışıqlar faktiki dayandırılmışdı. ATƏT-in Minsk qrupunun həmsədrləri isə bölgəyə gəlməklə sadəcə olaraq atəşkəs rejiminin qorunmasına çalışırdılar. İndi isə belə görüşün baş tutması ilə danışıqlar bərpa edilir və çox böyük ehtimaklla ortada yeni təkliflər paketi var. Xatırladaq ki, bu günə qədər görüşün baş tutmamasının başlıca səbəbi hər iki ölkədə prezident seçkilərinin keçirilməsi idi. Müşahidəçilər bildirir ki, ümumiyyətlə seçkilər olan zaman belə görüşlərin heç bir mənası olmur. Çünki tərəflər həmin an cəmiyyətdə ki, siyasi aktivliyi nəzərə almalıdır və seçim zamanı hansısa güzəştdən danışmaq yersizdir. Ekspertlər bildirir ki, prezidentlərin bu görüşü həm də siyasi proseslərin aktivləşdiyi bir zamana düşdüyündən maraqlıdır. Belə ki, hazırda Rusiya Avrasiya İttifaqını yaratmaq üçün hərəkətə keçib, ABŞ isə Avropa İttifaqının “Şərq tərəfdaşlığı müqaviləsi” çərçivəsində regionda təsirini artırmq istəyir. Yəni hər iki güc regionda maraqlarını ortaya qoyacaqlar və sözsüz ki, təsirlərini artırmaq üçün Dağlıq Qarabağ probleminin həllində də aktivləşəcəklər. İndilikdə isə aydın olan budur ki, Rusiya Ermənistanı öz tərəfinə çəkə bilib və hazırda Azərbaycanla da bu istiqamətdə danışıqlar aparılır. Hətta iddia olunur ki, Azərbaycan Rusiya seçimini edərsə Dağlıq Qrabağ ətrafında işğal olunmuş rayonlar geri qaytarılacaq və bunu əksəriyyət real hesab edir. Amma sözsüz ki, ABŞ-in da öz yanaşması olacaq və çox böyük ehtimal ki, prezidentlərin görüşündə bu fakt ortaya çıxacaq. Hələlik isə aydın olan budur ki, Ermənistandan fərqli olaraq Azərbaycan seçim etməkdə tələsmir və neytral mövqeyini qorumaqla daha real addım atmağa çalışır.
Fuad Əliyev