Əli Bayramovu İsmət Abbasov da xilas edə bilmir
Əli Bayramovu İsmət Abbasov da xilas edə bilmir

Heydər Əsədov "Aqrolizinq"i yoxlatmağa başlayır

Azərbaycanın yeni təyin olunan kənd təsərrüfatı naziri Heydər Əsədov nazirliyin tərkibində fəaliyyət göstərən "Aqrolizinq" Səhmdar Cəmiyyətini yoxlatmağa başlayır. Bu barədə redaksiyamıza adının çəkilməsini istəməyən etibarlı mənbə bildirib.

Mənbənin sözlərinə görə, yeni nazirin belə yoxlamaya start verməsi gözlənilən idi: "Əli Bayramovun rəhbərlik etdiyi səhmdar cəmiyyət Kənd Təsərrüfatı Nazirliyinin strukturları arasında ən çox korrupsiyalaşmış qurumlardan sayılır. Ən azı ölkə mətbuatı bununla bağlı saysız-hesabsız yazılar dərc edir. "Aqrolizinq"də xaricdən alınan kənd təsərrüfatı avadanlıqlarının qiymətlərinin şişirdilməsi faktı isə hələ bu ilin fevralında ölkə başçısının yanında keçirilən iclasda müzakirə olunub, prezident məsələ ilə bağlı tənqid və xəbərdarlığını səsləndirib".
Mənbə iddia edir ki, bütün bunları göz önünə aldıqda yeni kənd təsərrüfatı nazirinin Əli Bayramovun fəaliyyətini yoxlatdırmaq istəməsi tamamilə məntiqli görünür. "Digər tərəfdən, hər nə qədər "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin ictimai rəydə hədsiz korrupsiyalaşmış qurum obrazının yaranması və bunda səhmdar cəmiyyət sədri Əli Bayramovun "misilsiz xidmətlərinin" olması yeni kənd təsərrüfatı nazirinin qurumun indiki rəhbərini işdən kənarlaşdırıcağı qənaətini qətiləşdirirsə, digər tərəfdən aparılacaq yoxlamalar sonrası ortaya çıxacaq ciddi neqativ faktların hətta daha ağır nəticələrə gətirib çıxarması da istisna edilməməlidir" deyə mənbə bildirib.
Bəzi iddialara görə, bu durumdan ən çox narahat olanlardan biri və bəlkə də birincisi isə sabiq kənd təsərrüfatı naziri, hazırda isə baş nazir müavini postunu tutan İsmət Abbasovdur. Keçmiş kənd təsərrüfatı naziri müxtəlif vasitələrlə "Aqrolizinq"də yoxlamaların aparılmasının və Əli Bayramovun tutduğu postdan kənarlaşdırılmasının önünü kəsməyə çalışır: "Amma İsmət Abbasovun bu cür səylərinin reallaşması az ehtimal ediləndir. Çünki Heydər Əsədov yeni postuna çox ciddi vəzifələrlə gəlib, ondan ölkənin aqrar sektorunu düşdüyü korrupsiya bataqlığından xilas etmək və kənd təsərrüfatı sahəsində real, davamlı inkişafın zəminini hazırlamaq istənilir. Heydər Əsədovun buna nail olmaq üçün bütün səlahiyyətlərindən yararlanacağı deyilir və bildirilir ki, hazırda ondan müsbət gözləntilər hədsiz çoxdur. Belədə yeni kənd təsərrüfatı nazirinin hansısa kənar təsirlərin altına düşərək, kimlərəsə güzəştli davranacağı inandırıcı görünmür".
Bəs İsmət Abbasovun Əli Bayramov və bütünlükdə "Aqrpolizinq"in fəaliyyətinin təftiş edilməsindən narahat olmasının səbəbi nədir? İddia edilir ki, adıçəkilən səhmdar cəmiyyətdəki korrupsiya əməllərindən sabiq kənd təsərrüfatı nazirinin xəbəri olub və bu qurumdakı yeyintilərə bilərəkdən "yaşıl işıq" yandırıb. Sonuncu dəfə ötən ayın əvvəllərində Azərbaycana xaricdən alınıb gətirilməli olan kombaynlarla bağlı korrupsiya iddiaları ortaya çıxmış və "Aqrolizinq"in xətti ilə həyata keçirilən bu işlərdə korrupsiyanın birbaşa İsmət Abbasovun iradəsi altında baş verdiyini ölkənin aparıcı KİV-ləri yazmışdılar. Belə ki, 15 milyon manat dəyərində kombaynların alınması ilə bağlı araşdırmalar göstərmişdi ki, həmin taxılyığan kombaynların istehsalçısı olan Finlandiyanın "Sampo Rosenflyu" şirkətidir, bu şirkət isə birbaşa heç bir alıcıyla alış-veriş etmir. "Satışlar yalnız yerli distributorlar vasitəsilə həyata keçirilir. "Sampo Rosenflyu" şirkətinin Azərbaycanda rəsmi distributoru isə Aydın Əzimov adlı bir şəxsdir. Bu məlumat istehsalçının internet səhifəsində də göstərilib Aydın Əzimovun kimliyini müəyyənləşdirmək üçün araşdırma zamanı isə bəlli olub ki, o, "Aqrolizinq" ASC-nin sədr müavinidir və nazir İsmət Abbasovun inanılmış adamlarındandır. Taxılyığan kombaynları isə o, Panamada qeydiyyatdan keçmiş İsmət Abbasova məxsus offşor şirkət vasitəsilə, istehsalçıdan alıb, qiymətləri 55-58 faiz şişirdərək "Aqrolizinq" ASC-yə satır. Bu, artıq təkzibolunmaz korrupsiya faktıdır. Beləliklə, İ.Abbasovun kombaynların tendersiz alınmasına üstünlük verməsinin səbəbi aydınlaşır. Söhbət büdcə vəsaitlərinin offşor şirkətlər vasitəsi mənimsənilməsindən gedir" deyə ötən ay Azərbaycanda KİV-lər yazmışdılar.
Belə faktların sayının həddən artıq çox olduğu bildirilir və bu səbəbdən də sabiq kənd təsərrüfatı nazirinin həm "Aqrolizinq"də yoxlamalar aparılmasından narahat olmasının, həm də səhmdar cəmiyyət sədri Əli Bayramovu xilas etməyə çalışmasının sirri aydınlaşır.
Ümumiyyətlə isə, adıçəkilən səhmdar cəmiyyətdə yoxlamaların aparılması həm sabiq kənd təsərrüfatı nazirinin, həm də sözügedən qurumun rəhbərinin maraq dairəsində olmalıdır. Çünki əgər "Aqrolizinq" ətrafında KİV-də davamlı şəkildə yaradılan korrupsiya səs-küyü əgər əsassızdırsa, həmin yoxlamalar bunun sübutuna çevrilər və istər İsmət Abbasovun, istərsə də Əli Bayramovun barəsində şübhələrə birdəfəlik nöqtə qoyar.

Seymur Quliyev