Qazax rayon Sosial Müdafiə Mərkəzində nə baş verir?

Akif Vəliyevdən narazılıqlar və şikayətlər yoxlamaların başlamasına gətirib çıxarır

Azərbaycanda əhalinin sosial müdafiəsi sahəsində problemlərin ciddiliyi hamıya aydındır. Bunu istər hökumət rəsmiləri, istər müstəqil ekspertlər, istərsə də mətbuat gizlətmir. Elə son prezident seçkilərindən sonra əvəzlənən nazirlərdən birinin məhz əmək və əhalinin sosial müdafiəsi naziri olması da deyilənlərin təsdiqidir.

Xatırladaq ki, PA rəhbəri Ramiz Mehdiyev yeni əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovu təqdim edərkən bu sahədəki problemlərə diqqət çəkib, nazirliyin yerli şöbələrinin fəaliyyətini sərt tənqid edib və nöqsanların qısa zamanda aradan qaldırılması zərurətinə işarə vurub. Bu isə tezliklə sosial müdafiə sistemində ciddi kadr dəyişikliklərinə start veriləcəyinin siqnalıdır.
Hazırda yeni nazir öz mərkəzi aparatını formalaşdırmaq, nazirlik daxilindəki problemli nöqtələri dəqiqləşdirməklə məşğuldur, ona görə də istisna edilmir ki, o, vəziyyətlə yaxından tanış olduqdan və real mənzərəni müəyyənləşdirdikdən sonra çoxsaylı kadrlar cəzalandırılaca, görəvlərini itirəcəklər. Xüsusilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerlərdəki məsul şəxslərini çətin günlərin gözlədiyi iddia edilir.
Artıq Qazax rayon Sosial Müdafiə Mərkəzi ilə bağlı belə xəbərlər gəlməkdədir. Həmin xəbərlərə görə, mərkəzin rəhbəri Akif Vəliyevdən çoxsaylı şikayətlər var. Bu şikayətlərdə rayonda ünvanlı sosial yardımların verilməsi zamanı ədalət prinsipinin pozulduğu, belə yardımların əsasən Rusiyada və başqa yerlərdə yaşayanların adına ayrıldığı, eyni zamanda sosial-iqtisadi durumu heç də pis olmayan vətəndaşlara verildiyi, əvəzində isə həqiqətən ünvanlı sosial yardıma ehtiyacı olanların kənarda saxlanıldığı vurğulanır.
Hətta bir müddət əvvəl Akif Vəliyevdən mərkəzi mətbuata ünvanlanan müraciətlərin birində deyilirdi ki, problemdən cana doyanlar gah rayon prokrorluğuna, gah icra hakimiyyətinə,
gah da digər əlaqədar təşkilatlara müraciət edirlər. Belə sakinlərdən biri özünü öldürmək dərəcəsinə gəlib və "Kimsəsiz adamam, heç bir yerdən qazancım yoxdur, sosial yardımı da vermirlər, mən necə yaşayım? Amma qonşum briqadir işləyir, arvadına yardım alır..." deyə narazılığını ifadə edib.
Maraqlıdır ki, Qazax rayon Sosial Müdafiə Mərkəzindən belə şikayətlərin çox olmasına baxmayaraq, Akif Vəliyev "toxunulmaz" saxlanılır. Buna səbəb kimi isə onu rayonun icra başçısı Ayaz Əsgərovun himayə etməsi deyilir. Belə ki, yerli Sosial Müdafiə Mərkəzinin rəhbəri icra başçısı ilə yaxın münasibətlərdədir, onun "haqq"ını vaxtlı-vaxtında çatdırır. Bu isə son nəticədə Akif Vəliyevdən şikayətlərin kağız üzərində qalmasına gətirib çıxarır.
Son günlər rayonda yayılan məlumatlara görə isə, yeni nazir təyinatından sonra Qazağın Sosial Müdafiə Mərkəzi də hədəfdəki yerli şöbələrdən biridir və orada yoxlamalara start veriləcək. Artıq mərkəz rəhbərinin gözlənilən çətin vəziyyətdən çıxmaq üçün çıxış yolları axtarmağa başladığı da bildirilir.
Amma çoxları düşünür ki, bu o qədər də asan olmayacaq. Çünki sosial müdafiə sahəsindəki problemləri aradan qaldırmaq və problemli kadrlarla yolları ayırmaq yeni nazirin əsas hədəflərindən biridir.Mövzunu diqqətdə saxlayacağıq

Seymur Quliyev