"Ermənistanın daxili vəziyyəti Serj Sarkisyanın istefasını aktuallaşdırıb"
"Ermənistanın daxili vəziyyəti Serj Sarkisyanın istefasını aktuallaşdırıb"

"Ermənistanın daxili vəziyyəti hədsiz gərgindir. Hər an sosial partlayış və ya inqilab baş verə bilər". Bu barədə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloq qeyd edib ki, son aylar fasiləsiz davam edən etiraz aksiyaları bir qrup etirazçının radikallaşmasına stimul verdi: "Şant Arutunyanın rəhbərliyi ilə bir qrup etirazçı "Molotov kokteyli" ilə silahlanaraq hakimiyyəti ələ almağa cəhd etdi. Şant Arutunyanın bu hadisəni hazırlaması Ermənistanda, demək olar ki, hamıya bəlli idi. Hətta hakimiyyətə yaxın deputatlar da Şant Arutunyana baş çəkmişdilər".
M.Əhmədoğlu qeyd edib ki, Ermənistan parlamenti Dağlıq Qarabağın müstəqilliyinin tanınması iclasını boykot etdi: "Boykot hakim Respublika Partiyasının qərarı ilə baş tutdu. Buna Ermənistan tarixinin ən rüsvayçı səhifələrindən biri kimi baxmaq olar. Gömrük İttifaqına üzvlüyün Ermənistan ətrafında yeni geosiyasi vəziyyət yaratması fonunda Ermənistan rəhbərliyinin Dağlıq Qarabağın müstəqilliyinin tanımasına köhnə yanaşmada qalması ciddi geosiyasi səbəb olmaqla yanaşı, həm də Ermənistanın daxili vəziyyətinə öldürücü təsir etdi. Geosiyasi parametr dedikdə, Ermənistan cəmiyyətinin heç bir halda Dağlıq Qarabağın müstəqilliyini tanımaq potensialının olmadığını və ya tükəndiyini başa düşmək olar".
Politoloq əlavə edib ki, Ermənistan parlamenti sosial yığım fonduna dair keçirilən iclası da boykot etdi. Bu boykot da hakim Respublika Partiyasının qərarı ilə baş verdi: "Sosial yığımla bağlı parlamentdə müzakirə olunan qanun layihəsi bir qrup deputatın və əhalinin əksər hissəsini narazı salmışdı. Parlamentdə sosial yığım qanunu haqda müzakirələr keçirilərkən əhali hakim Respublika Partiyasının və parlamentin binaları qarşısında piket keçirdi. Parlamentin iclasını şüurlu şəkildə pozduqlarına görə müxalifət hakim partiyanı konstitusiyanı pozmaqda ittiham etdi və Konstitusiya məhkəməsinə şikayət verəcəklərini bildirdilər".
Politoloq əlavə edib ki, Ermənistan Parlamentində 2014-cü ilin dövlət büdcəsinin müzakirəsi də ciddi narazılıq mənbəyidir: "Müxalifət bu büdcəni "konstitusiyaya zidd", "onurğasız", "heç bir şeyə yaramayan" büdcə adlandırdı. Büdcənin mədaxil hissəsinin ümumi ifadələrlə verilməsi onun konstitusiyaya zidd olmasının göstəricisidir. Ermənistan konstitusiyasına görə, dövlət büdcəsinin mədaxil və məxaric hissələri geniş şəkildə yazılmalıdır. Büdcə əlillərin sosial müdafiəsinə, hərbçilərin ev tikintisinə və sair bu kimi məsələlərə əvvəlki il ilə müqayisədə ayrılan vəsaitin azalmasını tələb edir. Hərbi büdcəyə 6 faizlik artım və dövlət məmurlarının maaşlarının artırılmasını nəzərə almasaq, heç bir ciddi sahə üçün artım nəzərdə tutulmayıb. Büdcədə inkişaf tempi və inflyasiya reallığa uyğun göstərilməyib. Büdcəyə görə, 2014-cü ildə xarici borca xidmətdə də Ermənistan üçün problem yaranacaqdır".
Politoloqun sözlərinə görə, büdcə müzakirələri zamanı Ermənistanın Baş naziri Tiqran Sarkisyan ölkənin əsas problemlərinin korrupsiya, miqrasiya, işsizlik və yoxsulluq olduğunu bildirdi və bunların hamısının savadsızlığa bağladı: "Ermənistan əhalisinin 32.4%-i rəsmən yoxsul kimi tanındı. 980 min yoxsuldan 480 mini çox yoxsul, 85 mini isə hədsiz yoxsul hesab edilir. Nəzərə alınmalıdır ki, Ermənistanın əhalisi 3 milyon götürülüb. Reallıqda 2012-ci ildə Ermənistanda təxminən 2 milyon əhali yaşayıb. Bu hesabla Ermənistanda yaşayan əhalinin 50%-i kasıblıq həddində olduğunu ehtimal etmək olar".
M.Əhmədoğlu qeyd edib ki, Ermənistanda miqrasiyanın rəqəmi hədsiz yüksəkdir. Gürcüstanla sərhəddə yerləşən NBM-dəki erməni gömrükçülərindən birinin verdiyi məlumata görə, Ermənistanı gündəlik 2-3 min adamın tərk etməsi adi hala çevrilib. Hətta bir dəfə bu rəqəm 8 minə çatıb, gömrükçülər bu rəqəm barədə ölkə rəhbərliyinə məlumat verməkdən qorxublar: "Serj Sarkisyanın istefa verəcəyi ilə bağlı məlumatlar mətbuatda geniş yer alıb. Bəzi mənbələrə görə, Serj Sarkisyan özünün də mənsub olduğu Qarabağ klanını başına yığaraq yaxınlarda istefa verəcəyini bildirib. Hətta yeni ilədək S.Sarkisyanın istefa verəcəyini iddia edənlər var. S.Sarkisyanın siqnala tutulması Ermənistanda sosial-iqtisadi vəziyyətin və prezidentə münasibətin real göstəricisidir".
Elvin Rüstəmov