Hesablama Palatasının yeni sədrindən Əli Bayramovu qorxudan xəbər

Hesablama Palatasının yeni sədrindən Əli Bayramovu qorxudan xəbər

“Aqrolizinq”də yoxlamaların başlanmasına qərar verildi

Hesablama Palatasında Kollegiya iclası keçirilib. Kollegiya iclasında dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan və ehtiyat fondundan Xızı rayon İcra Hakimiyyətinə, dövlət büdcəsindən Diasporla İş üzrə Dövlət Komitəsinə ayrılan vəsaitlərin istifadəsinə, Ağstafa və Astara rayonları üzrə dövlət torpaq fondunun (o cümlədən dövlət mülkiyyətində olan torpaqların) bölgüsü, istifadə vəziyyəti və onun barəsində verilmiş sərəncamların uyğunluğuna dair auditin nəticələri üzrə hesabat və rəylər geniş müzakirə olunaraq təsdiqlənib.
Nəzarət tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisə təqdim edilməsi qərara alınıb. Kollegiya iclasında Abşeron rayon İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara dövlət büdcəsinin "Mənzil və kommunal təsərrüfatı” bölməsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsinə, Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya xəstəxanasına ayrılan dövlət büdcəsi vəsaitlərinin proqnozlaşdırılması və icrasına, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə ayrılan dövlət büdcəsi vəsaitlərinin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasına, habelə "Aqrolizinq” ASC-yə dövlət büdcəsindən ayrılan və təkrar istifadə edilən vəsait hesabına alınan aktivlərin struktur bölmələri (Şəki regional logistik bazası və Şəki rayon aqroservis filialı) tərəfindən istifadəsi, uçotu, habelə lizinq əməliyyatları və göstərilən xidmətlərdən daxilolmalara dair audit proqramları da təsdiq olunub.
Xatırladaq ki, palatanın sədri Vüqar Məmmədyarov bu vəzifəyə yeni təyinat alıb. Bu onun ilk kollegiya iclasıdır.
Onu da deyək ki, Hesablama Palatasının xüsusilə “Aqrolizinq” ASC-də yoxlamaların başlanmasına qərar verməsi maraq doğurur. Məsələ burasındadır ki, hələ palatanın keçmiş sədri Heydər Əsədov yeni kənd təsərrüfatı naziri təyin edildikdən sonra bildirilirdi ki, Heydər Əsədov nazirliyin tərkibində fəaliyyət göstərən "Aqrolizinq"i yoxlatmağa başlayacaq. Bu tamamilə məntiqəuyğun addım olardı. Çünki Əli Bayramovun rəhbərlik etdiyi səhmdar cəmiyyət Kənd Təsərrüfatı Nazirliyinin strukturları arasında ən çox korrupsiyalaşmış qurumlardan sayılır. Ən azı, ölkə mətbuatı bununla bağlı saysız-hesabsız yazılar dərc edir.
"Aqrolizinq"də xaricdən alınan kənd təsərrüfatı avadanlıqlarının qiymətlərinin şişirdilməsi faktı isə hələ bu ilin fevralında ölkə başçısının yanında keçirilən iclasda müzakirə olunub, prezident məsələ ilə bağlı tənqid və xəbərdarlığını səsləndirib.
İddialara görə, “Aqrolizinq”in yoxladılmasından ən çox narahat olanlardan biri və bəlkə də, birincisi isə sabiq kənd təsərrüfatı naziri, hazırda isə baş nazir müavini postunu tutan İsmət Abbasovdur. Keçmiş kənd təsərrüfatı naziri müxtəlif vasitələrlə "Aqrolizinq"də yoxlamaların aparılması və Əli Bayramovun tutduğu postdan kənarlaşdırılmasının önünü kəsməyə çalışırdı. Amma Hesablama Palatasının yeni sədrinin səhmdar cəmiyyətdə audit aparılmasına razılıq verməsi Abbasovun bu cür səylərinin reallaşmadığını göstərir.
Digər tərəfdən, Hesablama Palatasının yeni sədrinin hazırki kənd təsərrüfat naziri Heydər Əsədova yaxın kadr olması və vaxtilə onun rəhbərliyi altında işləməsi də maraqlı məqamdır. Bu, belə düşünməyə əsas verir ki, məhz Əsədov özü “Aqrolizinq”in və onun sədri Əli Bayramovun fəaliyyətinin təftiş edilməsində maraqlıdır.
“Yeni kənd təsərrüfatı naziri bu qurum və onun rəhbərliyi ilə bağlı KİV-də özünə yer alan çoxsaylı korrupsiya itihamlarının, iddialarının araşdırılmasını istəyə bilərdi. Bununla “Aqrolizinq”lə əlaqədar istər mətbuatı və ictimai rəyi, istərsə də yeni nazirin özünü narahat edən, maraqlandıran suallar cavabını tapmış olacaqdır”, - deyə mövzu ilə bağlı rəyini aldığımız adının çəkilməsini istəməyən ekspert bildirib.
O xatırladıb ki, hələ son prezident seçkilərindən əvvəl Əli Bayramovun səhmdar cəmiyyətində mənimsəmələrin artıq hökumətin ən yüksək səviyyələrində dilə gətirildiyini, hətta ölkə başçısının bu ilin fevralındakı məşhur iclasda bu mövzuda açıq və sərt üslubda danışdığını əsas götürən mütəxəssislərin rəyi belə idi ki, "Aqrolizinq"də mövcud idarəçilik dəyişməzsə, ayrılan vəsaitlərin daim korrupsiya predmeti olması, bunun əziyyətini isə fermerlərin, ümumilikdə isə kənd təsərrüfatı sektorumuzun çəkməsi qaçılmazdır. Bu səbəbdən də “Aqrolizinq” rəhbərliyinin prezident seçkilərindən sonra dəyişdirilməsi proqnozlaşdırılırdı. Elə Heydər Əsədovun kənd təsərrüfatı naziri təyin edildikdən sonra yollarını ayıracağı bildirilən kadrlardan biri kimi məhz “Aqrolizinq” rəhbəri göstərilirdi. Bu səbəbdən istisna deyil ki, Hesablama Palatasının aparacağı audit zamanı aşkarlanacaq nöqsanlar adıçəkilən səhmdar cəmiyyət sədrinin dəyişdirilməsi üçün əsas kimi götürülsün.
Bu səbəbdən də aparılacaq yoxlama ilə bağlı çıxarılan dünənki qərarı Əli Bayramov üçün yalnız və yalnız bəd xəbər saymaq mümkündür.
Ülviyyə Qasımlı