Azərbaycanda aqressivləşən intiharlar
Azərbaycanda aqressivləşən intiharlar

Bir müddətdən sonra intihar edənlər bundan öncə qətllər də törədə bilər

2013-cü il həm də intiharların çox olması və bu intiharların formasında dəyişikliklərin olması ilə yadda qaldı. Əsasən, 15-30 yaş arası intiharlar çox müşahidə olunurdusa, bu dəfə yaş həddində də fərqlər ortaya çıxdı. Bundan öncəki intiharların kökündə adətən qarşılıqlı olmayan sevgi çalarları dururdusa və buna görə intihar edənlərin yaşı gənclik yaş həddində idisə, hazırda əsasən sosial-məişət problemlərinə görə intiharlar artmağa başlayıb və yaş həddi artıq 50-yə yaxınlaşır.

Çox qəribədir ki, intihar hallarında özünü yandırmaq forması üstünlük təşkil etməyə başlayıb. Bir müddət öncə Qarabağ əlili Zaur Həsənovun özünü yandırmasından sonra bu fakt diqqəti cəlb etdi. Hətta bu hadisədən sonra başqa bir şəxs də özünü yandırdı.
“Unikal”ın apardığı araşdırma nəticəsində məlum oldu ki, il ərzində 17 şəxs özünü yandıraraq intihar edib. Nədən məhz özünü yandırma bu qədər aktuallaşıb?
Ekspertlər hesab edirlər ki, özünü yandırma ilə intihar ən ağır intihar formasıdır və bu sübutlayır ki, intihar edənlərin əslində psixoloji durumları heç də yaxşı halda deyil və bu intiharlar baş verən zaman həmin şəxslr affekt vəziyyətində olublar. Amma bu həm də düşünülmüş, uzun müddət planlaşdırılmış bir aksiya kimi də qəbul oluna bilər. Mütxəssislərin fikrincə, belə insanlar, görünür, uzun müddət panikgərginlik yaşayıblar və aktı həyata keçirən zaman panikatak ən yüksək həddə olur. Bundan başqa özünü yandırmaqla intihar edən şəxslər həm də cəmiyyətlə öz aralarında ciddi bir uçurum görür, hətta həyatdakı bütün uğursuzluqları məhz cəmiyyətin biganəliyində görürlər. Ekspertlər bildirirllər ki, bu gün Azərbaycanda məhz belə aqressiyanın ortaya çıxması ümumilikdə ölkənin psixoloji xəritəsinin heç də yaxşı olmadığını ortaya çıxarır. Belə ki, intihar halları öncələr əsasən bölgələrdə olurdusa, indi artıq bu dalğa Bakı başda olmaqla mərkəzə yaxın şəhərlərdə baş verir. Bu isə intihar olaylarında şüurluluq dərəcəsinin artmasına bir işarədir.
Maraqlıdır, intihar hallarının bu şəkildə artması sabah hansı fəsadları ortaya çıxaracaq? Bu suala cavab verməmişdən öncə, gəlin, bir məqama da xüsusi diqqət ayıraq. Hələ 1970-ci illərdə kütləvi intiharların ən çox yayıldığı ölkələrdən biri də ABŞ idi. ABŞ-da intihar hallarının həddindən artıq çox artmasının səbəbləri təhlil edildi və ortaya “Vyetnam sindromu” çıxdı. Məlum oldu ki, uzun illər Vyetnam savaşında iştirak edən minlərlə şəxs geri qayıtdıqdan sonra reallıqla razılaşa bilməyib. Belə ki, Vyetnamda vətən üçün savaşdığını güman edənlər ölkəyə qayıdanda heç də milli qəhraman kimi qarşılanmadılar və bəzi məqamlarda qınaq obyektinə də çevrildilər. Nəticədə bu şəxslər hədəf olaraq cəmiyyətin özünü seçdilər və ABŞ 20 ildən çox bir müddətdə bu problemlə üz-üzə qaldı. Hətta psixoloji pozuntu o həddə çatdı ki, bu şəxslərin ailə üzvləri də prosesin aktiv iştirakçısına çevrildilər.
Bu gün eyni problemi müharibədə iştirak edən ölkələrin əksəriyyəti yaşayır. Bunu da qeyd edək ki, sosial problemlər nə qədər çox artırsa, bu cür gərginlik daha da güclənir. Bu gərginlik isə kütləvi hal alarsa, növbəti proseslərə yol açacaq.
Psixoloq Türkan Azadın “Unikal”a verdiyi açıqlamada bildirilir ki, intihar hallarının həddindən çox artması və intiharın ən ağır formasından istifadə artıq təhlükədir: “Məsələn, öncələr daha çox dərman qəbul etməklə intihar hallarının baş verməsinin şahidi olurduq və bu tip intihar edən şəxslər daha çox iradəcə zəif insanlar hesab edilirdi və onların ətraf mühitə bir nifrəti yox, incikliyi olurdu. Amma daha aqressiv intihar formaları sübut edir ki, bu insanların cəmiyyətə nifrəti formalaşıb və günbəgün bu tip insanların sayı artır. Təsəvvür edin ki, bu intiharların qarşısının alınması üçün profilaktik addımla atılmasa, bir müddətdən sonra bu formada intihar edən şəxslər intihardan öncə özlərinə hədəf seçəcək və hədəfini məfv edəndən sonra özünü qətlə yetirəcək. Bunun simptomları artıq açıq şəkildə görünür. Bunu da xüsusi olaraq qeyd etmək istəyirəm ki, aqressiv formalı intiharlar ətraf mühitə də kəskin şəkildə təsir edə bilir və iradəsiz insanlar da bu metoda əl atırlar. Buna görə mətbu orqanlar intihar olaylarını, aqressiya yaradacaq xəbərləri ya cəmiyyətə təqdim etməməlidir, ya da bu məsələlərdə çox ehtiyatlı olmalıdırlar”.
Beləliklə, gördüyünüz kimi, Azərbaycan intiharlar dalğasının episentrinə yaxınlaşır və indidən hansısa önləyici tədbirlərin görülməsi labüddür.
Toğrul Əliyev