Daha bir "vurulmuş" məmur vəzifə arzusunda
Daha bir "vurulmuş" məmur vəzifə arzusunda

Rauf Tağıyev yeni vəzifə təklifi gözləyir?

Dövlət Əmək Müfəttişliyi Xidmətinin sabiq rəis müavini Rauf Tağıyev vəzifə təklifi gözləyir. Bu barədə onun özü bildirib.
"Təklif gələrsə, yenidən dövlət işində çalışmağa hazıram" deyən keçmiş rəis müavininin sözlərinə görə, hazırda pedaqoji fəaliyyətlə məşğul olur: "Hazırda Bakı Dövlət Universitetində riyaziyyat müəllimi işləyirəm. Mən 17 il dövlət işində çalışmışam və beynəlxalq təşkilatlarda ölkəni təmsil etmişəm. Təklif olarsa, bunu dəyərləndirə bilərəm. Miqrasiya Xidməti, Hesablama Palatası, sosial təminat sahəsində iş təklif olarsa, bunları dəyərləndirməyə hazıram. İndi isə öz bilik səviyyəmi tələbələrimə aşılayıram".
Qeyd edək ki, bəzi qaynaqlara görə, R.Tağıyev vaxtilə AMİP-in ideoloqlarından biri olub. O, partiyada təmsil olunmasa da Etibar Məmmədovla şəxsi dostluğu hələ də davam etməkdədir.
Onu da xatırlatmaq yerinə düşər ki, Rauf Tağıyevin vəzifədə olduğu dövrdə Dövlət Əmək Müfəttişliyi Xidməti mətbuatın ən çox tənqid hədəfində olduğu qurumlardan biri idi. Həmin vaxt media xüsusən Nəbi Şükürlünün xidmət rəisi vəzifəsindən gedib onun səlahiyyətlərinin Rauf
Tağıyevə həvalə edilməsindən sonra bu qurumda rüşvət hallarının geniş yayılmasından bəhs edirdi. İstisna olunmur ki, Tağıyevin görəvdən alınmasında məhz bu amil həlledici rollardan birini oynamışdı.
Qeyd edək ki, Rauf Tağıyev keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Füzuli Ələkbərovla əlaqələrindən də danışıb. Ələkbərovun kadrlarından biri hesab edilən sabiq rəis müavini deyib: "Mənim də nazirliyin digər əməkdaşları kimi, F.Ələkbərovla əlaqələrim var. Bilirəm ki, keçmiş nazir hazırda istirahət edir".
Bu, qəzetimizin dünənki sayında yer alan bir məlumatı təsdiqləyir. Həmin məlumatda sabiq əmək və əhalinin sosial müdafiəsi nazirinin ölkədə olmadığı bildirilir, buna səbəb kimi iki versiyadan biri olaraq istirahət məqsədilə xaricə getməsi, Yeni ili Azərbaycandan kənarda qeyd etmək istəməsi göstərilirdi. Odur ki, Ələkbərovun keçmiş kadrının açıqlamasını həm də "Unikal"ın informasiyasının dolayı yolla təsdiqi kimi də qiymətləndirmək olar.
Günel Əkbər