Telekanallar yenidən hədəfə gəldi
Telekanallar yenidən hədəfə gəldi

Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli Azərbaycan telekanallarının verilişləri haqqında danışarkən bildirib ki, “Verilişlərin məzmunu demək olar ki, əhalinin böyük əksəriyyəti tərəfindən qəbul olunmur, aşağı səviyyədədir. Texniki baxımdan müəyyən dəyişikliklər var. Amma keyfiyyət baxımından hələ də görüləsi işlər həddindən artıq çoxdur. Təbii ki, bayağılıq, sünilik, şitlik, bəzən mövzu seçimlərinin doğru olmaması, efir mədəniyyətinin aşağı olması adi gözlə görünən məsələdir. Aparıcıların özlərinin etik səviyyəsinin aşağı olması, geniş dünyagörüşünə malik olmamaları rahat hiss olunur”.

Tanınmış telejurnalist və alim Qulu Məhərrəmlinin “Unikal”a söylədiyinə görə, “Telekanallarımızdakı biabırçı durum ortalıqda olan mənzərə nəticədir. Amma düşünməliyik ki, nələr baş verib ki, telekanallar bu günə düşüb. Mənim düşüncəmə görə, bu aşınmanın əsas səbəbi telekanalların azadlığının olmamasıdr. Bu məsələnin birinci tərəfidir. Məsələnin ikinci tərəfi odur ki, peşəkarlar telekanallardan kənarlaşdırılıb. Üçüncü səbəb teleproqram siyasətinin düzgün qurulmamasıdır. Digər mühüm səbəb yayım konsepsiyalarının həddindən artıq cılızlaşmasında ifadə olunur. Yüksək səviyyəli prodüserlərin və işinin fanatı olan peşəkarların telekanallardan tədricən uzaqlaşdırılması da bu mənzərəni formalaşdıran amillərdəndir. Buna isə, sadəcə, təəssüf eləmək olar”.
Alimin dediyinə görə, “Televiziyalar kütləvi qırğın silahı kimidir. Bu silahın kimin əlində olması və ondan hansı məqsədlər üçün istifadə etməsi çox vacib məsələdir. Bu problemlər artıq psixoloji problemdir. Bu gün valideynlər çox vaxt öz övladlarını ekranın qabağından çəkindirirlər ki, onlar yerli telekanallara baxmasınlar. Niyə? Çünki bu cür cılız, məzmunsuz məişət mübahisələri, kriminal xəbərlər, hər şeyin qara rəngə boyanması - bunların hamısı nəticə etibarilə teletamaşaçının psixologiyasına, düşüncəsinə, onun davranışına neqativ təsir edir. Bunlar yeni problemlər deyil. Vaxtilə Avropada, Amerikada bu məsələləri ciddi şəkildə araşdırıblar. Məsələn, Birləşmiş Ştatlarda həbsxanaların birində rəy sorğusu keçirilib ki, televiziyada göstərilən kriminal süjetlərin və s. davranışların dustaqların şüuruna təsirini öyrənsinlər. Rəyi soruşulan hər on nəfərdən doqquzu deyib ki, televiziya onlara qeyri-standart davranışı, yəni əxlaqsızlığı və kriminal üsulları təlqin edib. Rəyi soruşulan hər on nəfərdən dördü isə deyib ki, nə vaxtsa televiziyada gördükləri neqativ davranışları gerçəkləşdirməyə cəhd edib. Amerikadakı da televiziyadır, bizimkilər də. Amma nəyə görə bir ölkədə televiziya milləti formalaşdırır, o birində isə cəmiyyəti deqradasiyaya uğradır, milli-mənəvi dəyərləri ayaqlar altına atır? Bax, yenə də gəlib çxırıq həmin məsələyə ki, biz televiziya adlanan həmin o vasitədən, silahdan necə və hansı məqsədlə istifadə edirik. Buna görə də bizdə belə bir təsəvvür yaranır ki, sanki bizim telekanallar cəmiyyəti pozmaq, əxlaqı pozmaq missiyasını boynuna götürüb və bununla məşğuldur”.
Onun sözlərinə görə, “Özəl telekanalların yalnız bir oyunu var, o da pul qazanmaqdan ibarətdir. Amma dövlət büdcəsindən maliyyələşən telekanalların aydın yayım konsepsiyası olmalıdır və tamaşaçının, cəmiyyətin marağını gözləməlidir. Təəssüf ki, onların da cazibədar verilişləri yoxdur. Patetik və dayaz təbliğat yönlü verilişlər verilir və onlara da heç kim baxmır. Baxanlarda isə bu verilişlər heç bir qıcıq, heç bir maraq doğurmur. Ona görə də çox solğun və düşüncəyə təsir etməyən telekanalların verilişlərini seyr etmək məcburiyyətindəyik”.
Tanınmış sosioloq və yazar Əhməd Qəşəmoğlu “Unikal”a bildirdi ki, “Bizim telekanallara nadir hallarda baxaram. O da yalnız sosioloq kimi müşahidə aparmaq üçün. Sözün düzü, telekanallarımızın səviyyəsi çox aşağıdır və gənclərin onlardan götürəcəyi, öyrənəcəyi nəsə yoxdur. Teleməkanda ən ciddi problemlərdən biri telejurnalistlərin və aparıcıların intellektual səviyyəsinin və peşəkarlıqlarının xeyli zəif olmasıdır”.
Qəşəmoğlunun dediyinə görə, xaricdə yaşayan soydaşlarımız da telekanallardan çox gileylidirlər: “Onlar bizimlə söhbətlərdə bildirirlər ki, “Övladlarımızı Azərbaycan telekanallarına baxmağa dəvət edə bilmirik, çünki hədsiz dərəcədə bayağı və məzmunsuz verilişlər hazırlayırlar”. Verilişlərdə mövqesizlik və prinsipsizlik hiss olunur. Buna görə də cəmiyyətin də onlara qətiyyən marağı qalmayıb”.
Məzahir Avşar