Arif Əsgərov narazılıq yaratdı
Arif Əsgərov narazılıq yaratdı

"Dəmiryolu şefi"ni böyük təhlükə gözləyir

"Azərbaycan Dəmir Yolları" QSC-nin binası qarşısında qatar bələdçiləri etiraz aksiyası keçirib. Aksiyanı kişi qatar bələdçiləri keçiriblər.
Aksiyaya səbəb kişi bələdçilərin heç bir əsas göstərilmədən işdən çıxarılmalarıdır. Kişi bələdçilər qurum rəhbərliyindən onların heç bir xəbərdarlıq edilmədən işdən çıxarılaraq, yerlərinə qadın bələdçilərin təyin olunmasının aydınlaşdırılmasını tələb edirlər.
"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əziməmmədov kişi qatar bələdçilərinin qadınlarla əvəzlənməsinə etiraz etməsi faktını təsdiqləyib. O deyib ki, bu məsələ ilə bağlı hazırda etiraz edən tərəflərlə danışıqlar aparılır: "Problem qısa vaxtda həll olunacaq və bununla bağlı ətraflı məlumat veriləcək".
Bir bələdçi 2 il bundan əvvəl narkotik apararkən rus sərhədçiləri tərəfindən saxlanılaraq həbs edilib. Ondan sonra qərar verilib ki, bələdçilər qadınlarla əvəzlənsin. Dəmiryol İdarəsinin mətbuat xidmətinin rəhbəri bildirib ki, onların qadın bələdçilərlə əvəz edilməsinin səbəbi elə budur və tapşırıq Prezident Administrasiyasından gəlib.
Bu açıqlama bələdçilərin narazılığına səbəb olub və onlar bu məlumatın - belə bir tapşırıq verilməsinin doğru olub-olmadığını öyrənmək üçün Prezident Administrasiyasının qarşısına gediblər. Etirazçılar həmçinin ondan şikayət edir ki, yeni gələn qadın bələdçilər onlar qədər peşəkar deyil və bir nəfər qanun pozucusuna görə bu addımın atılması, kişi bələdçilərin kütləvi şəkildə işdən azad edilməsi ədalətsiz qərardır.
Onu da deyək ki, etiraz edən bələdçilərdən 5 nəfər Prezident Administrasiyasına dəvət edilib və onların etirazı dinlənilib. Digər bələdçilər isə Administrasiyanın qarşısında şikayətlərinin nəticəsini gözləyiblər.
Bəzi qaynaqlar bir qatar bələdçisinin qanunu pozması səbəbindən digər kişi bələdçilərinin cəzalandırılmasını absurd sayırlar və bununla bağlı Prezident Administrasiyasından hər hansı tapşırıq gəlməsini ağlabatan hesab etmirlər. Xüsusən hadisə 2 il əvvəl baş veribsə, bəs onda kişi bələdçilərin qadınlarla niyə məhz indi əvəzləndiyi maraq və müəmma doğurur.
Son vaxtlar "Azərbaycan Dəmir Yolları" QSC-nin rəhbərliyindən həm qurum daxilində, həm də ümumiyyətlə hökumət kulislərində ciddi narazılıqlar var. Səhmdar Cəmiyyətin işçiləri öz sosial durumlarının yaxşı olmaması, maaşlarının azlığı və digər çoxsaylı problemlərdən şikayətçidirsə, hökumət kulislərində isə dəmiryolu sistemində korrupsiya halları ilə bağlı şübhələr narahatlıqlara yol açıb.
Arif Əsgərovla bağlı son aylardakı bir qalmaqavl isə adıçəkilən QSC sədrinin dəyişdirilməsi məsələsini gündəmə gətirib. Ötən ilin payızında mətbuat "Azərbaycan Dəmir Yolları" QSC-nin marketinq şöbəsinin rəisi Rahib Hüseynovun həbs edildiyini xəbər verdi. QSC-nin sədri Arif Əsgərovun baldızı oğlu olan R.Hüseynovun Gürcüstanla sərhəddə, ölkəni tərk etmək istəyərkən yaxalandığı bildirilirdi. Bundan sonra həm Əsgərovun özünün, həm də oğlu Elmar Əsgərovun adı 70 milyon manatlıq mənimsəmə ittihamına qarışdı və bu qalmaqal uzun müddət mətbuatın gündəmindən düşmədi, ictimai müzakirə mövzusuna çevrildi.
Sonradan "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri bu skandalın "unutdurulmasına" nail oldusa da, onun barəsində münasibət mənfiyə doğru daha da dəyişdi. Müxtəlif KİV-lər "dəmiryolu şefi"nin bundan sonra ilk səhvdəcə vəzifəsindən uzaqlaşdırılacağını proqnozlaşdırırlar. İstisna deyil ki, qatar bələdçilərinin etiraza qalxması həmin proqnozun reallaşmasını sürətləndirsin və qətiləşdirsin.
Çünki hətta belə bir tapşırıq Prezident Administrasiyasından verilmiş olsa belə, "dəmiryolu şefi"nə prosesi sakit, səs-küysüz aparmaq göstərişinin də verildiyi aydın məsələdir. Amma Əsgərovun məsələni dinc şəkildə həll edə bilməməsi və qatar bələdçilərinin işdən azad edilməsinin məsuliyyətini açıq şəkildə üzərindən ataraq bu tapşırıqla bağlı başqa bir ünvanı hədəf göstərməsi çətin ki, cavabsız qalsın.
Buna görə QSC sədrinin cəzalandırılması tamamilə realdır. Hər halda bunun belə olub-olmayacağını yəqin ki, yaxın vaxtlarda hamımız birlikdə görəcəyik.
Ülviyyə Qasımlı