Heydər Əsədova yeni postunda ilk şok
Heydər Əsədova yeni postunda ilk şok

Aqrar sektorda mənfi tendensiyalar səngimək bilmir

İsmət Abbasovun kənd təsərrüfatı naziri postundan uzaqlaşdırılmasından sonra aqrar sektorda önəmli dəyişikliklər gözlənilirdi. Hesablama Palatasının sabiq sədri Heydər Əsədovun həmin posta gətirilməsinə ümidlə baxılır, aqrar sahədəki problemlərin həlli istiqamətində köklü addımların atılması və müsbət nəticələrin əldə edilməsi proqnozlaşdırılırdı.

Əsədov artıq üç aya yaxındır ki, İsmət Abbasovu əvəzləyir, amma kənd təsərrüfatı sahəsi ilə bağlı gələn məlumatlar qətiyyən ürəkaçan deyil. Elə dünən ortaya çıxan statistik göstəricilər də Hesablama Palatasının sabiq sədrinin kənd təsərrüfatı naziri postuna gətirilməsinin hələ ki, ortadakı real vəziyyətin müsbətə doğru dəyişməsi istiqamətində hiss ediləcək nəticələrə gətirib çıxarmayacağını deməyə əsas verir.
Məsələ burasındadır ki, ötən ilin dekabr ayında Azərbaycanda satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 0,4%, o cümlədən birillik bitkilərin istehsalçı qiymətləri 0,6%,- dir heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 0,7% bahalaşıb, çox illik bitkilərin istehsalçı qiymətləri isə 1,8% ucuzlaşıb.
Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, birillik bitkilərdən buğdanın istehsalçı qiymətləri 0,9%, qarğıdalının 5,0% ucuzlaşıb, arpanın 1,2%, lobya dəninin 2,2%, kartofun 3,5%, baş soğanın 2,9%, baş sarımsağın 0,2%, göyərtilərin 0,7%, quru otun 1,4%, yoncanın istehsalçı qiymətləri isə 0,8% bahalaşıb.
Çoxillik bitkilərdən armudun istehsalçı qiymətləri 11,6%, narın 0,5%, feyxoanın 8,7%, şabalıdın 9,1%, qozun 3,7%, fındığın istehsalçı qiymətləri 1,5% bahalaşıb, limonun 8,5%, portağalın 12,7%, naringinin istehsalçı qiymətləri isə 17,5% ucuzlaşıb.
Diri heyvanlar və heyvandarlıq məhsullarından diri qoyun və keçilərin istehsalçı qiymətləri 0,2%, qoyun ətinin (diri çəkidə) 0,3%, təbii balın 0,3% ucuzlaşıb, südün 1,1%, quş ətinin (diri çəkidə) 0,3%, yumurtanın istehsalçı qiymətləri isə 6,5% bahalaşıb.
Ay ərzində balıq və sair balıqçılıq məhsullarından diri balığın istehsalçı qiymətlərində 1,6% bahalaşma müşahidə olunub.
Bu rəsmi statistikadan görünən odur ki, Azərbaycanda dekabr ayında bahalaşma tempi davam edib.Hansı ki, bu, keçmiş kənd təsərrüfatı naziri İsmət Abbasovun tənqid hədəfinə çevrilməsinin əsas səbəblərindən biri idi.
Əlbəttə, Heydər Əsədovun aqrar sektorun başına gətirilməsinin qəfil və köklü dəyişikliklərə yol açmasını heç kim gözləmirdi. Amma ən azı kənd təsərrüfatı məhsullarının bahalaşmasının (söhbət ilk növbədə süni qiymət artımından gedir) qarşısının qısa müddətdə alınması baxımından Hesablama Palatasının sabiq sədrinin Abbasovu əvəz etməsinin nəzərə çarpacaq təsirlərinin olacağı gözlənilən idi.
Lakin yuxarıdakı son rəsmi statistika bu yöndə hər hansı müsbət dəyişikliyin olmadığını deməyə əsas verir. Eyni zamanda bu, Heydər Əsədovun kənd təsərrüfatı naziri postuna təyinat almasının aqrar sektorda müsbət tendensiyaların başlayacağına dair ümidləri də elə indidən alt-üst edir.
Əksər ekspertlər düşünürdülər ki, kənd təsərrüfatı sahəsində önəmli kadr dəyişiklikləri vacibdir; İsmət Abbasovun və komandasının aqrar sektorun idarə olunmasından kənarlaşdırılmayacağı təqdirdə bu sahədə hər hansı ciddi pozitiv sonucların qazanılması çətin məsələdir. Amma belə getsə, belə bir qənaət formalaşmağa başlayacaq ki, kənd təsərrüfatı sahəsindəki neqativliklərin əsas səbəbi əslində bu sahənin idarə olunması ilə bağlı deyilmiş.
Odur ki, Heydər Əsədov özünün nazir təyinatı ilə aqrar sektora yeni nəfəs gəldiyini əməli fəaliyyətdə və rəsmi statistik göstəricilərdə ortaya qoymaq barədə düşünməlidir. Əks halda bir müddət sonra yeni nazir də öz sələfi kimi kəskin tənqid və qınaqların hədəfinə çevrilməkdən yaxasını qurtarmaqda çətinlik çəkməyə başlayacaq.
Günel Əkbər