İsmayıl Ömərovun 2015 planı baş tutmadı
İsmayıl Ömərovun 2015 planı baş tutmadı

Keçmiş İTV “şef”i yenidən millət vəkili olmaq istəyirmiş?

Bir neçə gün əvvəl İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) keçmiş baş direktoru İsmayıl Ömərovun televiziyaya rəhbərlik etdiyi vaxt yol verdiyi qanunsuzluqlarla bağlı xəbər dərc olunmuşdu. Həmin xəbərdə qeyd olunurdu ki, İTV-nin fəaliyyətini yoxlayan Hesablama Palatası İsmayıl Ömərovun təxminən 100 min manat məbləğində vəsaiti təyinatsız xərclədiyini müəyyənləşdirərək vəsaitin onun tərəfindən kanalın büdcəsinə qaytarılması ilə bağlı qərar çıxarıb.

Eyni zamanda, xəbərdə İsmayıl Ömərovun çoxlu sayda qohum əqrəbasını İTV-nin əməkdaşına çevirdiyi, qızını və kürəkənini şirkətin London təmsilçiləri yapdığının aşkarlandığı bildirilirdi. Həmin xəbərə dərhal reaksiya verən İ. Ömərov əvvəlcə “Yalançının...” ifadəsi işlədərək cavab vermiş, daha sonra isə saytı guya onun haqqında böhtan dərc etdiyi üçün məhkəməyə verdiyini bildirmişdi.
“qafqazinfo” saytı İsmayıl Ömərovun təkziblərini və israrlarını nəzərə alaraq sözügedən xəbərlə bağlı İTV-yə rəsmi sorğu göndərib. İTV sorğuya rəsmi şəkildə cavab verib. Cavabda deyilir: “Göndərdiyiniz rəsmi sorğunun birinci sualına cavab olaraq, İctimai Televiziya və Radio Yayımları Şirkəti bildirir ki, həqiqətən də Hesablama Palatası şirkətdə yoxlama aparıb. Bu üzdən yoxlamanın nəticələri barədə bizim açıqlama verməyimiz düzgün deyil”.
Sorğuya cavabda daha sonra qeyd edilib: “İkinci sualınıza cavab olaraq bildiririk ki, keçmiş baş direktor İsmayıl Ömərovun xeyli sayda qohumu hələ o, vəzifədə olarkən İctimai Televiziya və Radio Yayımları Şirkətində çalışıb. Onların bəziləri öz ərizəsinə və ya müqavilə müddəti bitdiyinə əsasən işdən gediblər. Eyni zamanda, İsmayıl Ömərovun qohumlarının bəziləri bu gün də İctimai Televiziya və Radio Yayımları Şirkətində fəaliyyətlərini davam etdirirlər.
İctimai Televiziya və Radio Yayımları Şirkətinin keçmiş baş direktoru İsmayıl Ömərovun qızı Səmədova Könül İsmayıl qızı və onun həyat yoldaşı Səmədov Ruzi Emin oğlu 11 yanvar 2012-ci il tarixdən İTV-nin Böyük Britaniya bürosuna (Könül Səmədova baş prodüsser, Ruzi Səmədov xüsusi müxbir) təyin olunublar. İsmayıl Ömərovun qızı Könül Səmədova hal-hazırda da İTV-nin əməkdaşıdır və iki ay əvvəl analıq məzuniyyətinə çıxıb. Keçmiş baş direktorun kürəkəni Ruzi Səmədovun da adı şirkətin ştatındadır” .
Maraqlıdır: İsmayıl Ömərovun təxminən 9 aydır görəvindən uzaqlaşdırılmasına baxmayaraq onun adı və keçmiş fəaliyyəti ətrafında bu cür səs-küyün davam etməsi nə ilə bağlıdır? Sabiq İTV “şef”i hansı ciddi “ÇP”yə yol verib ki, onun barəsində hələ də neqativ informasiyalar davam edir?
Bu suallarla bərabər maraq doğuran başqa bir məqam isə ondan ibarətdir ki, bəzi məlumatlarda İsmayıl Ömərovun “vurulduqdan” sonra 2015-ci ildə keçirilməsi gözlənilən parlament seçkilərində iştirak etmək niyyəti varmış. Ömərov həmin vaxtadəki iqtidar içində etimadını yenidən bərpa edəcəyinə və mandat alacağına inanırmış. Amma onun adı ətrafında qalmaqalların səngimək bilməməsi İsmayıl Ömərovun 2015 seçkilərində iştirakını və qələbəsini mümkünsüz edir.
Xatırladaq ki, bu il 60 yaşı tamam olacaq İTV-nin sabiq “şefi” 2000-2005-ci illərdə Azərbaycan Respublikası ikinci çağırış Milli Məclisinin deputatı olmuşdur. 2005-ci il aprel ayının 16-da 22 namizəd içərisindən səs çoxluğu ilə İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru seçildikdən sonra Ömərovun deputatlıq karyerası da başa çatdı. Onun bu karyerasını yenidən bərpa etmək istəməsi barədə iddialar doğrudursa, İTV-nin sabiq rəhbərinin buna nail olması yuxarıda sadalanan məqamlardan dolayı inandırıcı görünmür.
Günel Əkbər