Abel Məhərrəmov və ulaşan dəstə
Abel Məhərrəmov və ulaşan dəstə

Bakı Dövlət Universitetində “inqilab” oldu. Ona görə dırnaqarasında ki, bu “inqilab” demokratiya, islahatlar , daha yaxşı təhsil tələbi üzərində qurulmadı. Bu “inqilab” imtahandan kəsiləndən sonrakı məqamla bağlıdır. Sosial şəbəkələrdə bu “inqilab” eninə-uzununa təbliğ edildi, universitetin rektoru akademik Abel Məhərrəmov qınanıldı. Amma heç kim demədi ki, “Ay tələbə, qulağına sırğa taxıb, sallaq şalvarda küçələrdə veyillənənə qədər niyə dərsini oxumursan ki, gəlib indi kəsiləndən sonrakı dövrə görə üsyan edirsən?”
Bunun qarşılığında isə akademik hədəfə alındı. Bu, əslində, xəstə cəmiyyət göstəricisindən başqa nəsə deyil. Biz də tələbə olmuşuq və bunu inkar etmək olmaz ki, nə qədər rüşvət olsa da, oxuyan tələbəni kəsən müəllim tək-tük hallarda tapılıb. Əksinə, oxuyan tələbəni hər müəllim öz tələbəsi kimi təqdim etməyə daha çox çalışıb. Bəs indi nə baş verir?
Bir neçə il öncə İngiltərədən bir dostum gəlmişdi və başqa bir dostum zəng edərək oğlunun universitetdə problemi olduğu üçün kömək etməyimi istədi. Bundan sonra qonaqla söhbətimiz rüşvətin üstünə gəldi. Uzun-uzadı mənə qulaq asan ingiltərəli dostum təkcə bunu dedi: “Oxumamaq üçün rüşvət verən məmləkəti ilk dəfədir görürəm”.
Bəli, bizdə oxumamaq üçün rüşvət verilir, bizdə oxumamaq üçün üsyan edilir və bunu cəmiyyət alqışlarla qarşılayır.
Başqa diqqəti cəlb edən nüans isə rektor Abel Məhərrəmovun tələbələrlə mitinq zamanı görüşü oldu. Akademik sözünü bitirməmiş bəzi tələbələr, sadəcə, ulamağa başladılar. Bir akademikin sözlərinə ulamaqla reaksiya verən bu kəslərin tələbə olmasına sadəcə məətəl qalırsan. Amma bu, reallıqdır. Reallıq isə budur ki, yaxşı oxuyub tələbə olmaq olar, amma fizika, riyaziyyatı yaxşı bilməklə tərbiyəli, əxlaqlı insan olmaq mümkün deyil. Deməli, təhsilimizdəki ən böyük problem şəxsiyyətin formalaşmaması problemidir.
Ukraynada gənclər küçələrdədir, gülləbaran edilir, amma geri çəkilmirlər. Çünki Ukraynanın azadlığı uğrunda savaş aparırlar. Bakı da həmin gün Ukraynaya bənzəyirdi. Gənclər bir addımda olsa, geri çəkilmək istəmirdilər. Amma Azərbaycanın azadlığı uğrunda yox. Sadəcə olaraq anladığım bu oldu ki, Abel Məhərrəmova qarşı bir qaralama kampaniyasının iştirakçısına çevrilmişdilər. Belə olmasaydı, etiraz etdikləri məsələ öncələr də var idi, niyə məhz indi ulaşma başlandı?
Beləcə anlaşılan budur ki, Ukrayna gəncliyi azadlıq mübarizəsi, bizim gənclik sifariş mübarizəsi apararaq böyüyür.
Və sonda ...
Məncə akademik saxlanılan tələbələrin azad olunmasını təmin etməli və böhtan atmağa görə bir tələbəni məhkəməyə vermək əvəzinə aksiyalarda aktivlik göstərən tələbələrin siyahısını hazırlamalı və oxuduqları müddətdə hansı qiymət aldıqlarını, neçə dəfə kəsildiklərini aydınlaşdırıb mətbuatda dərc etdirməlidir. Onda bu “inqilab”çıların neçə faizinin hansı səviyyədə olduğunu cəmiyyət də görəcək və qınaq obyekti dəyişəcək.
Bu gün cəmiyyətdə gülməli bir hadisə yaranıb. Qarabağ əlili Zaur Həsənov özünü yandırandan sonra hamı bir-birini intiharla şantaj edir. Hətta bir nəfər bildirmişdi ki, gələn həftə saat 18-40-da özünü öldürəcək. İndi isə yeni vərdiş yaranıb. Günlərin biri birinci kurs tələbələri “Ya indidən mənə diplom verin, yada mitinq edəcəyəm” desə, təəccüblənməyin.
Məncə, geri çəkilmə olarsa, bunun da şahidi olacağıq.

Eldəniz Elgün