17 Noyabr 2019
16 Noyabr 2019
Azərbaycanda müftə avtomobillərin paylanmasına az qalıb
Azərbaycanda müftə avtomobillərin paylanmasına az qalıb REPORTAJ 12:26 2014-02-22

Azərbaycanda müftə avtomobillərin paylanmasına az qalıb
Azərbaycanda müftə avtomobillərin paylanmasına az qalıb

Avtomobil kreditlərinin verilməsində yaranmış çətinliyin həlli yolları varmı?

Avtomobil kreditlərinin verilməsində yaradılan çətinlik Naxçıvan Avtomobil Zavodunun (NAZ) Bakıdakı satış mərkəzlərində ciddi narahatlıq yaradıb. "Artıq neçə gündür ki, satışımız tam dayanıb. Biz avtomobilləri əsasən kreditlərlə satırdıq, müştərilərimiz isə maşını əsasən taksi kimi işlədənlər idi",- deyə Badamdarda yerləşən satış mərkəzindən bildiriblər.

Satış mərkəzindən verilən məlumata görə, zavodda istehsal edilən avtomobillərin qiyməti 8 min 500 manatdan 15 min manatadək dəyişir ki, yeni şərtlərlə sürücülər ilkin ödəniş edə bilmirlər. Mərkəzi Bankın tətbiq etdiyi yeni qaydalarla avtomobili kreditə götürənlər istehsal tarixi 1 ildən az olduqda toplam qiymətin 50%-ni ilkin ödəniş kimi verməlidirlər. İstehsal tarixi 1 ili keçdikdə isə ilkin ödəniş kimi avtomobilin qiymətinin 80%-i ödənilməlidir. Yəni NAZ-da istehsal edilmiş avtomobili almaq istəyən müştəri ilkin ödəniş kimi 4 min - 4 min 500 manat pul ödəməlidir ki, adətən potensial alıcıların bu qədər pulu olmur.
Mərkəzi Bankın bu dəyişiklikləri yalnız Naxçıvan avtmobillərinin satışını deyil, həm də bütün avtomobil bazarında fəallığı azaldıb. Son günlər Bakının demək olar ki, bütün avtomobil salonlarında müştəri qıtlığından şikayət edirlər. Və bunun da səbəbləri var, avtomobil satışlarının üçdə ikisi kredit hesabına baş tutur. Nəqliyyatın təşkili üzrə ekspert Azər Allahverənovun ANS PRESS-ə bildirdiyinə görə, 2013-cü ildə Azərbaycanda 100 mindən çox avtomobil satışı gerçəkləşdirilib və bunun təxminən 65-70%-i kreditlərin hesabına baş tutub.
Yeni qaydaların köhnə avtomobillərin satışına da ciddi təsir göstərəcəyi də ehtimal edilir. Əmlak Bazarı İştirakçıları İctimai Birliyinin (ƏBİ İB) araşdırmasına görə, 2013-cü ildə satışların 40 faizi yeni avtomobillərin, 60 faizi isə köhnə avtomobillərin payına düşür. Yəni təxminən 100 min ətrafında dəyişən satışların 40 minini yeni avtomobillər təşkil edib ki, bunların əksəriyyəti kreditlə satılıb. Müşahidələr göstərir ki, ölkədə nağd pula yeni avtomobil alan adamlar çox azdır. Əksər tanınmış avtomobil markalarının işlədiyi ayrıca banklar var və onların kreditləri avtomobil firmalarının satışlarına böyük dəstək verir. Yeni qaydaların təzə avtomobillərin satışını dəfələrlə aşağı salacağı və bir neçə minin ətrafına endirəcəyi düşünülür.
Əgər ƏBİ İB-in araşdırmasına əsaslanılarsa, keçən il satılan 60 minə yaxın köhnə avtmobilin də təxminən 25-30 mini kreditlə reallaşdırıldığını düşünmək olar. Yəni ehtimal etmək olar ki, köhnə avtomobil bazarında kreditlər olmadan, öz potensialı hesabına ildə təxminən 30-35 min satış gerçəkləşdirilə bilər. Təbii ki, bunlar hamısı nəzəri ehtimallardır və real rəqəmlər daha yüksək ola bilər. Amma bu da gerçəkdir ki, yeni qaydalar tətbiq edildikdən sonra Azərbaycanda avtomobil satışları 2,5 - 3 dəfəyə qədər azala və illik satış miqdarı 35-40 min ətrafında dəyişə bilər. Ən əsası isə avtomobil parkının yeniləşdirilməsi üzrə hökumətin gerçəkləşdirmək istədiyi planlar çətinliklə üzləşə bilıər, çünki əsasən köhnə avtomobillərin alınıb-satılacağı gözlənilir. Yəni avtomobil parkında ekologiyaya ziyan vurmayan maşınların payını artırmaq istəyi baş tutmaya bilər. Halbuki, əvvəlki illərdə heç bir tədbir görülmədikdə belə, parka hər il 5 faiz yeni avtomobil daxil olurdu.
Amma vəziyyətdən çıxış yolu var. Artıq bir neçə ildir ki, qərb ölkələri avtmobillərin utilizasiyası hesabına yerli istehsalı dəstəkləyirlər ki, bu, həm də avtomobil parkını yeniləməyə imkan verir. Bu üsullar artıq MDB məkanına da gəlib çıxıb. Məsələn, Rusiyada 2010-11-ci illərdə gerçəkləşdirilmiş utilizasiya proqramına görə, köhnə avtmobilini utilizasiya şirkətinə təhvil vermiş vətəndaş 1400 dollara yaxın bonus əldə edirdi ki, o, həmin məbləği yerli istehsal avtomobil alanda istifadə etmək imkanı qazanırdı. Yəni yeni avtomobili 1400 dollar ucuz ala bilirdi. Bunun nəticəsində təkcə 2010-cu ilin yanvar-sentyabr aylarında 1,32 milyon köhnə avtomobil utilizasiyaya göndərilib və Rusiya yerli istehsal avtomobillərinin satışı üzrə Avropada ikinci olub.
Hökumətə yaxın mənbələrdən sızan məlumata görə, Azərbaycanda da 1990-cı ildən köhnə avtomobillərin utilizasiyası planlaşdırılır. Layihəyə görə, köhnə avtomobilini utilizasiya şirkətinə vermiş vətəndaş Naxçıvan Avtomobil Zavodunun istehsalı olan avtomobilləri 2 min manat ucuz qiymətə ala bilər. Yəni bu, gerçəkləşsə, yetərincə əlverişli addım olar. Hətta avtmobil kreditləşdirilməsində şərtlər dəyişməsə belə, bu, az imkanlı vətəndaşlara da kreditlə avtomobil götürməyə şərait yarada bilər, çünki alıcının əldə etdiyi 2 min manatlıq bonus ilkin ödənişin bir hissəsi kimi reallaşdırıla bilər. Nəticədə, 8500 manatlıq yerli avtomobilin kreditləşdirilməsi zamanı real ilkin ödəniş 25%-dən aşağı düşər, üstəlik kreditin baza hissəsi (əsas borc) 2 min manat azalmış olar.
Nəqliyyatın təşkili üzrə ekspert Azər Allahverənov hökumətin bu layihəsi barədə eşitdiyini bildirib: "Amma bu məsələdə hələ ki yekun razılaşma əldə olunmadığı bildirilir. Məndə olan məlumata görə, İqtisadi İnkişaf Nazirliyi ilə Maliyyə Nazirliyi arasında danışıqlar gedir. Burada əsas problem Naxçıvandakı zavodun nəzərdə tutulan həcmləri ödəmək imkanında olmamasıdır. Təxmini hesablamalara görə, minik avtomobili parkının 3-5%-i 1990-cı ildən əvvəl istehsal olunub. Azərbaycanda təxminən 860 min minik avtomobili var və 40 minə qədər avtomobilin utilizasiyasına ehtiyac ola bilər. Naxçıvandakı zavod isə ildə 5 min avtomobil yığmaq imkanındadır. Yəni zavodun məhsulları üçün böyük növbələr yarana bilər. Hökumət məhz zavodun istehsal gücünün artırılması ilə bağlı tədbirlər görməlidir",- deyə Azər Allahverənov vurğulayıb.
Çingiz Rüstəmov