17 Noyabr 2019
16 Noyabr 2019
"Ədəbiyyat qəzeti"nin pulları necə yeyilib?
"Ədəbiyyat qəzeti"nin pulları necə yeyilib? REPORTAJ 12:05 2014-03-19

"Ədəbiyyat qəzeti"nin pulları necə yeyilib?
"Ədəbiyyat qəzeti"nin pulları necə yeyilib?

Yazıçılar Birliyinin ədəbi orqanlarının xəstə halı

Azərbaycan Yazıçılar Birliyinin (AYB) orqanlarından olan "Ədəbiyyat" qəzetində yoxlama aparılır. Qəzet rəhbərliyindən verilən məlumatda yoxlamaların qurultayla bağlı olduğu deyilsə də, uzun müddətdir ki, tənqidlərə məruz qalan qəzet rəhbərliyinin dəyişiləcəyi gözlənilir.

"Qələmdan"ın aldığı məlumata görə, yoxlamalar qəzetin şöbə müdirlərindən birinin YAzıçılar Birliyinin rəhbərliyinə şikayətindən sonra başlayıb. Həmin şöbə müdiri Atababa İsmayıloğludur.
"Bu yoxlamalar dövri xarakter daşıyır. Qurultayla bağlıdır. Qalan hamısı boş şayiədir. Mənim üçün heç bir narahatlıq yoxdur və olmayacaq". Bu sözləri "Ədəbiyyat qəzeti"ndə gedən yoxlamalarla bağlı qəzetin baş redaktoru Ayaz Vəfalı bildirib.
O, bəzi adamların qəzet ətrafında ucuz qalmaqal yaratmağa çalışdıqlarını deyib: "Narahatlığa əsas yoxdur. Qəzet ətrafında ucuz qalmaqal yaratmağa çalışırlar".
"Ədəbiyyat qəzeti"ndə gedən yoxlamalara münasibət bildirən qəzetin şöbə müdiri Adil Cəmil isə məlum təftişin yeyinti ilə bağlı aparıldığını deyib.
"Qəzetin büdcəsi təyinatı üzrə xərclənmir. Ona görə də işçilər arasında narazılıq yaranıb. Müavinlə baş redaktorun maaşları arasında min manat fərq var. Əsas məsələ də baş mühasiblə bağlıdır. O, neçə ildir ki, dörd fərqli ştatın adından əməkhaqqı alır. Bizim məsul katib Atababa İsmayıloğlu da bu məsələ ilə bağlı şikayət edib. Hazırda komissiya işləyir. Biz də nəticələri gözləyirik" şöbə müdiri bildirib.

"Ədəbiyyat qəzeti" ilə bağlı əsl həqiqət

"Ədəbiyyat qəzeti" həftədə bir dəfə (cümə günləri) 4, yaxud 6 səhifədə A2 formatında nəşr olunur. Qəzetin hər nömrəsinin il kiki səhifəsini əksər hallarda boyatlamış rəsmi xəbərlər, Yazıçılar Birliyinin üzvləri ilə bağlı yubiley təbrikləri və nekroloqlar, tədbirləri barədə gecikmiş xəbərlər təşkil edir.
Qəzetin illik büdcəsi isə uzun müddət 200 min manat civarında olub ki, bu da Azərbaycan reallığında belə bir nəşr üçün həddən artıq böyük rəqəmdir.
Qəzetdə ən yüksək maaşları baş redaktor və müavinləri alır, şöbə müdirləri və texniki işçilərin maaşı çox aşağıdır. Bir çox hallarda tanınmış yazıçı və şairlərin hekayələri, şeirləri və ya məqalələri üçün yazılan qonorarlar rəhbərlik tərəfindən "silinir".
Qəzetdə bir nəfərin bir neçə ştat üzrə maaş alması faktı var. Redaksiyanın təchizatı ilə bağlı xərclərin də şişirdildiyi söylənir.

AYB sədri niyə
Ayaz Vəfalı qarşısında susqundur?

"Ədəbiyyat qəzeti"nə 18 ildir Ayaz Vəfalı rəhbərlik edir. 1934-cü ildən nəşr edilən qəzetin tənqid və ədəbiyyatşünaslıq şöbəsinin müdiri (1977-1978), məsul katib (1978-1993), baş redaktorun müavini (1993-1996) vəzifələrində də çalışmış Vəfalının rəhbərliyi dövründə "Ədəbiyyat qəzeti"nin ədəbiyyatla bağları tamamən qopmuş, o, zövqsüz, ədəbi prosesdən uzaq, hətta Sovet dövründə olduğundan da cansız, ölüvay nəşrə çevrilmişdir.
Uzun illər qəzetə qarşı bu cür tənqidləri AYB-yə müxalif olan gənc yazarlar səsləndirirdilər və Yazıçılar Birliyinin rəhbərliyi həmin ittihamları qəbul etmirdi.
Son iki ildə isə hətta Birliyin katibləri, üzvləri belə "Ədəbiyyat qəzeti"nin yarıtmaz işindən gileylənməyə başlayıblar; bu qəzet Azərbaycan reallığında kifayət qədər ciddi maliyyə dəstəyinə baxmayaraq, tamamilə iflic vəziyyətdədir. Hətta onun varlığından böyük çoxluğun xəbəri belə yoxdur.
Maraqlıdır ki, AYB sədri Anar Rzayev "Ədəbiyyat qəzeti"nin fəaliyyəti (daha doğrusu, fəaliyyətsizliyi!) və qəzetin baş redaktorunun yarıtmaz işi barədə tənqidlərə birbaşa münasibət bildirmir, bu tənqidlər haqqında danışarkən isə son vaxtlar "nə şiş yansın, nə də kabab" prinsipindən çıxış edir.
Bildiyimiz qədəri ilə bu, AYB sədrinin qəzetin baş redaktoru yanında gözükölgəliliyi ilə bağlıdır. Məsələn, son bir neçə ildə Anar Rzayevin müxtəlif xarici səfərləri məhz "Ədəbiyyat qəzeti"nin ezamiyyə xərcləri hesabına baş tutub. Qəzetə ayrılan vəsaitdən həmçinin Yazıçılar Birliyinin binası üçün müxtəlif avadanlıqların alınması məqsədi ilə də yararlanılıb.
Yəni Ayaz Vəfalı "Ədəbiyyat qəzeti"nin nəhəng büdcəsi üzərində heç də yeganə söz sahibi olmayıb.
Elə bu da baş redaktorun əlini qüvvətləndirir" çünki üzərinə çox gedildiyi təqdirdə "sandıqları açıb pambıqları tökmək" təhlükəsi var.

Digər ədəbi orqanlarda da vəziyyət fərqli deyil

Əslində Yazıçılar Birliyinin digər ədəbi orqanları ilə bağlı da vəziyyət fərqli deyil. "Ulduz" və "Azərbaycan" jurnallarına kifayət qədər dövlət vəsaiti ayrılsa da, onlar tamamilə zövqsüz, maraqsız, bayağı nəşrlərə çevriliblər, ədəbimyyat yox, anti-ədəbiyyat orqanları funksiyasını yerinə yetirirlər.
"Literaturnıy Azərebaydjan"ın varlığı ilə yoxluğu bilinmir.
"Qobustan" jurnalının isə çıxmaması çıxmasından daha yaxşı olardı.
Maraqlıdır ki, AYB-nin ədəbi orqanları arasında az-çox dişədəyəni Tərcümə Mərkəzinin hazırladığı "Xəzər" jurnalı olduğu halda, bu nəşrə ögey münasibət sərgilənir, ona daha az pul ayrılır, hansı ki, həmin vəsaitlə bu dərgini il ərzində ardıcıl nəşr etmək tamamilə fiksiyadır.

Sonda:

"Ədəbiyyat qəzeti" ətrafında yaşananlar göstərir ki, AYB rəhbərliyi illərdir problemləri xalça altına süpürməklə bu qurumda və onun ədəbi orqanlarında hər şeyin güllük-gülüstanlıq olduğunu göstərməyə çalışsa da, vəziyyət Yazıçılar Birliyinə müxalif olan gənc yazarların dediklərindən daha da pis imiş.
Yazıqlar olsun!